Oğuz, Balakən, Şəki mərkəzi xəstəxanalarına press-tur təşkil edilib
04 iyul 2016 14:18 (UTC +04:00)

Oğuz, Balakən, Şəki mərkəzi xəstəxanalarına press-tur təşkil edilib

 

İyulun 1-2-si tarixlərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Oğuz, Balakən və Şəki rayonlarına press-tur təşkil edilib. 

 

Lent.az-ın məlumatına görə, press-turda iştirak edən KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olub, həkimlərlə söhbətləşiblər. 

 

Jurnalistlər ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

 

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini İradə Məmmədova xəstəxananın fəaliyyəti ilə bağlı məlumat verib.

 

İ. Məmmədova bildirib ki, xəstəxana 2009-cu ildən  istifadəyə verilib. Hər cür avadanlıqla tam təchiz olunan bu xəstəxananın 42 min əhaliyə xidmət etmək imkanı var: “ Bizim xəstəxanada da hər yerdə olduğu kimi şəkər xəstələri, imtiyazlı xəstələrin dərmanla təminatı yüksək səviyyədə təşkil olunur. Hər il Oğuz əhalisinin kütləvi müayinəsi təşkil edilir.  Nikaha girmək istəyən gənclərin müayinəsi zamanı da indiyə kimi heç bir xəstəlik halı aşkarlanmayıb”.

 

İ. Məmmədova deyib ki, Oğuz sakinləri arasında daha çox endokrinoloji, şəkər xəstəlikləri geniş yayılıb: “Gün ərzində təxminən 100-150 nəfər xəstəxanamıza müraciət edir. Oğuzda ümumiyyətlə infeksion xəstəliklər az müşahidə olunur. Son illərdə ana və uşaq ölümü isə nadir hallarda olur”.

 

Oğuzda həkim qıtlığının olduğuna toxunan baş həkim müavininin sözlərinə görə, buna da səbəb gənc mütəxəssislərin rayonlarda işləmək istəməməsidir: “ Ümumiyyətlə, rayon ərazisində 72 həkim var, onlardan 35-i isə Mərkəzi Xəstəxanada çalışır. Rayonda əsasən uroloq və travmotoloqlara ehtiyac var”.

 

Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasına yollanan KİV nümayəndələri burda da yaradılan şəraitlə tanış olublar.

 

Xəstəxana haqqında jurnalistlərə məlumat verən xəstəxananın baş həkimi Hacı Ömər Nuriyev bildirib ki, xəstəxana 2011-ci ildən rayon əhalisinin istifadəsindədir: "Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Fevral - may ayları ərzində  63 mindən çox əhalinin kütləvi müayinəsi həyata keçirilib. Onlardan təxminən 200-ə yaxın xəstə əlavə müayinə üçün Bakıya göndərilib”.

 

Baş həkimin sözlərinə görə, Balakən zonası rütubətli olduğundan əhali əsasən oynaq, ağciyər-bronxit,  revmatik xəstəliklərlə bağlı şikayət edir: “Vaxtilə Balakəndə zob xəstəliyinə daha çox rastlanırdı. Hətta məktəb yaşında olan uşaqların 30-40-da bu xəstəlik ortaya çıxırdı, ancaq indi bu problem də azalıb. Mərkəzi xəstəxanada şəraitin yaxşı təşkili ilə əlaqədar xəstələrin Bakıya göndərilmə nisbəti 70-80 % azalıb. Demək olar ki, yalnız çox ağır vəziyyətdə olan  xəstələr Bakıya göndərilir. Nikahdan əvvəl müayinədən keçən cütlüklərin əksəriyyətində talassemiya aşkarlanıb ki, onlarla bağlı da müəyyən tədbirlər görülüb. Xəstəxanamızda ildə 2-3 uşaq ölümü olur. Həkimlərimiz çalışır ki, hamilə xanımları vaxtında qeydiyyata düşmək, hər dəfə həkim müayinəsindən keçməklə bağlı maarifləndirsin.  Mama ginekoloqlar 54 kənd arasında bölüşüb. Hər 15 gündən bir mama ginekoloqlar kəndlərə gedib hamilə qadınları müayinə edirlər”.

H.Nuriyevin sözlərinə görə, Balakən Rayon Mərkəzi Xəstəxanasında 148 həkim, 504 orta tibb işçisi çalışır. Xəstəxanada əsasən onkologiya, urologiya ixtisasları üzrə boş yerlər var. Vakant yerlərin sayı 7-dir.

 

Jurnalistlər daha sonra Şəki Mərkəzi Rayon Xəstəxanasında qurulmuş şəraitlə də tanış olublar.

 

Jurnalistlərə açıqlama verən xəstəxananın baş həkimi Məcid Əliyev bildirib ki, Şəki Rayon Mərkəzi Xəstəxanası 2011-ci ilin noyabr ayında istifadəyə verilib. Bu xəstəxanada hemodializ, cərrahiyyə, reanimasiya, poliklinika və müxtəlif şöbələr fəaliyyət göstərir: “ Əvvəl Şəki əhalisi Zaqatala, Qəbələ və digər regionlardakı xəstəxanalara gedirdilər. 2011-ci ildən etibarən isə artıq öz rayonlarında müalicə alırlar. Xəstəxanada göz xəstəlikləri şöbəsi rayonlararası əhaliyə xidmət edir. Onkoloji xəstəliklərlə  bağlı fərqli rayonlardan gəlib burda müalicə olunanlar da var. Tam avadanlıqla təchiz olunmuş bu xəstəxanada ümumilikdə 450-ə yaxın həkim çalışır. Hazırda xəstəxanada bütün ixtisaslardan sadəcə 1-2 vakant yer var, bununla bağlı mərkəzləşmiş qaydada elan verilib. Regional olduğu üçün ən çox müraciətlər endokrinolojj, göz xəstəlikləri, onkoloji problemlə bağlı olur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Fərizə Əhmədova

Oxşar yazılar