Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
Lent.az Fətvanın mətnini təqdim edir:
Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.
Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsüsilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.
Allah-Təala Qurani-Kərimdə Qurban barədə belə buyurur:
"Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman. Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İbrahimə salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"(əs-Saffat surəsi, 103-110 ayələr)
Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keci, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribüynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilmişdir. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, "Bismillahi və billahi vəllahu əkbər" deyərək kəsilsin.
Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: "Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin". ("İləluş-Şəraye" səh. 437).
Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 15-16 oktyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan etmişdir. Bu günlərin hər birində öz əqidəsinə üyğün olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur.
Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmcinin, qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.
İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin.