2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar QHT-yə Dövlət Dəstəyi Şurasının həyata keçirməyə başladığı elektron müraciət və hesabat qəbulu proqramları üzərində iş artıq yekunlaşıb. Lent.az-ın məlumatına görə, bu, ölkəmizdə vətəndaş cəmiyyəti sektorunda ilk dəfə olaraq Şura tərəfindən tətbiq olunur. Belə ki, 2013-cü ilin müsabiqə qalibi olan QHT-lər maliyyə hesabatını elektron qaydada təqdim edəcəklər. Bununla bağlı bu gün Şurada sözügedən proqram təminatının təqdimatı həyata keçirilib.
Hazırlanmış proqrama əsasən hər bir təşkilata proqramdan istifadə etmək üçün kod, şifrə və parol veriləcək. Eyni zamanda 2013-cü ildə Şuranın layihə müsabiqəsində qalib olmayan QHT-lər də lazımi məlumatları təqdim etməklə kod, şifrə və parol almaq üçün müraciət edə bilərlər. Bu məlumatlar müqavilə əsasında xüsusi zərfdə yerləşdirilməklə təşkilatın rəhbərinə və yaxud da onu əvəz edəcək səlahiyyətli şəxsə (etibarnamə əsasında) təqdim ediləcək.
Proqramın QHT-lər tərəfindən öyrənilməsi üçün lazımi metodiki materiallar da hazırlanıb. Mayın sonuna kimi proqram istismara qəbul ediləcək və iyun ayından isə ondan istifadə qaydalarının mənimsənilməsi üçün QHT mühasiblərinin maarifləndirilməsi işinə başlanacaq.
Şura bildirir ki, təlimlərdə cari ildə maliyyə yardımı almış bütün QHT-lərin mühasiblərinin iştirakı məcburidir.