Mayın 4-dən 11-dək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzv və əməkdaşlarından ibarət nümayəndə heyəti Danimarka və Almaniyada işgüzar səfərdə olub. Şura üzvü Sahib Məmmədov Lent.az-a bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il Avropanın on beş ölkəsi üzrə qarnt müsabiqəsi elan edib. Müsabiqənin qalibi olan QHT-lərdən biri də Almaniya və Danimarkada fəaliyyət göstərən Avropanın ən nüfuzlu Qeyri-Hökumət Təşkilatlarından olan “Azlıqların Məsələləri üzrə Avropa Mərkəzi”dir. Bu təşkilat Avropada milli və etnik konfliktlərin həllində, o cümlədən Almaniya ilə Danimarka arasında bir əsr yarıma qədər davam etmiş konfliktin həllində müstəsna rol oynayıb. Bu qurumun milli məsələlərlə bağlı Almaniya və Danimarkanın siyasətinə, o cümlədən xarici siyasətinə təsir etmək imkanı var. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu təşkilatı partnyorlardan biri kimi seçmiş və onların layihə təklifini dəstəkləyib”.
Nümayəndə heyəti Danimarkada və Almaniyada olduqca əhəmiyyətli görüşlərdə və tədbirlərdə iştirak ediblər. Onlar Kopenhagen Parlamentində müvafiq sahə üzrə parlament komitəsinin rəhbəri və deputatlarla, həmçinin Xarici İşlər Nazirliyinin müvafiq məsul vəzifəli şəxsləri ilə əhəmiyyətli görüşlər keçiriblər. Parlament Azərbaycanın Avropada demokratiya və insan hüquqları, tolerantlıq, ksenofobiya və islamafobiyaya qarşı mübarizə üçün dəstək verməsindən olduqca məmnun olduqlarını deyiblər.
Almaniyanın paytaxtı Berlində keçirilən görüşə də nümayəndə heyətinə Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik edib. Nümayəndə heyəti Almaniya bundestaqının bir sıra deputatları ilə görüşlər keçirib. Bundestaqın enerji və iqtisadiyyat, xarici əlaqələr komitələrinin üzvləri Yan Metzler, Çarlz Huber və Yosip Yoratoviçlə Bundestaqın CDU/ CSU fraksiyasının üzvü, Ksritoph Berqnerlə, həmçinin Xarici İşlər Nazirliyinin Cənub Qafqaz və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri ilə mühüm əhəmiyyət kəsb edən görüşlər olub.
A. Quliyev həmçinin nümayəndə heyətinin iştirakı olmadan digər görüşlərə də qatılıb. Bunlardan Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin üzvü, ATƏT-in PA-nın vitse-prezidenti Doris Barnetlə görüş olduqca əhəmiyyətlidir. Şura sədri Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Şuşanın işğalının 22-ci ildönümünə həsr edilmiş toplantıda iştirak edib.
Nümayəndə heyətinin görüşləri yalnız Kopenhagen və Berlinlə kifayətlənməyib. Onlar bir neçə gün ərzində Almaniya ilə Danimarkanın sərhədində yerləşən və etnik almanların və danimarkalıların kompakt yaşadığı Flensborq (Almaniya) və Sennerborq (Danimarka) şəhərlərində görüşlərdə və Avropa gününə həsr olunmuş beynəlxalq tədbirdə iştirak ediblər.
Səfərin ən mühüm əhəmiyyətindən biri də odur ki, Avropanın çox ciddi qeyri-hökumət təşkilatları Azərbaycanla, o cümlədən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq etməyə başlayıb.
Qeyd edək ki, “Azlıqların Məsələləri üzrə Avropa Mərkəzinin nümayəndələri daha əvvəl Şuranın dəvəti ilə Azərbaycanda olub və görüşlər keçirib.