Azərbaycanda əlillərin asudə vaxtının təşkili məqsədi ilə 60 nəfər əlil Qəbələ rayonunda, 40 nəfər əlil isə Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, 18 may tarixindən həyata keçirilən bu tədbirlər çərçivəsində indiyədək 180 nəfər əlilliyi olan şəxsin Qəbələ rayonunda və 120 nəfər əlilliyi olan şəxsin Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzlərində 10 gün müddətində istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub. Belə ki, xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, hovuzda və göldə üzgüçülük təşkil olunur, tibbi və fizioterapevtik proseduralar həyata keçirilir.