“Psixi xəstələrin intiharlarının qarşısının alınması üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirir. Hesab edirəm ki, onların ən əhəmiyyətlisi inam telefonunun olmasıdır. İnam telefonu bütün sutka ərzində fəaliyyət göstərməlidir. Təəssüf ki, biz onu təşikil edə bilmirik. Onu təşkil etmək üçün kadrlar lazımdır. Çoxlu məbləğdə vəsait tələb olunur. Bu qəbildən olan intiharların qarşısını almaq üçün mütləq inam telefonu olmalıdır”.
Bunu Lent.az-ın canlı yayımında Azərbaycan Psixatriya Assosasiyasının Prezidenti, professor Nadir İsmayılov deyib. Nadir İsmayılov həmçinin qeyd edib ki, Azərbayacanda 96 min 848 nəfər psixi xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı statistik rəqəmlər reallığı əks etdirmir:
“Gerçək rəqəmlərdən qat-qat aşağıdır. Mövcud qanunvericiliyə əsasən, hər bir ailə qeydiyyata düşmədən psixi xəstəliklə bağlı anonim müraciət edə bilər. Bu cür xəstələr isə statistik göstəricilərə daxil olmur. Onların sayı həddən artıq çoxdur. Təkcə depressiv xəstəliklərə tutulanların ümumi sayı ölkə əhalisinin 12 faizini əhatə edir. Şizofreniyaya tutulanların ümumi sayı isə 1 faizdir”.
Assosasiya rəhbərinin sözlərinə görə, ölkədə təxminən 15 faiz əhali ruhi-əsəb xəstəliklərindən əziyyət çəkir:
“Bu da 10 milyon əhalisi olan ölkənin təxminən 1,5 milyonu deməkdir. Qeydiyyata ancaq psixi sağlamlıq mərkəzində və dispanserdə düşmək olur. Başqa yerlərdə bu demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, son rəsmi statistikaya görə, Azərbaycanda 96 min 848 nəfər psixi xəstəliklərdən əziyyət çəkir. Üstəlik, il ərzində 3 min 863 nəfərə ilk dəfə psixi xəstəliklərlə bağlı diaqnoz qoyulub.