“Son illərdə bölgələrdə 15 diaqnostika-müalicə mərkəzi tikilib, indi bəzi şəhərlərdə ən müasir standartlara cavab verən iki və ya üç tibb müəssisəsi var”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb: “Bütövlükdə, deyə bilərəm ki, son on ildə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilib, təmir edilib. Təsəvvür etmək çətindir ki, əgər biz bu işləri görməsəydik, indi səhiyyə sistemimiz hansı vəziyyətdə ola bilərdi. Bu, işin bir hissəsidir. Əlbəttə ki, xəstəxanaların təmiri, avadanlıqla təchizatı səhiyyə sisteminin inkişafı üçün çox vacib amillərdir. Ancaq, eyni zamanda, tibbi xidmətin yüksəlməsinə də böyük ehtiyac var. Əlbəttə ki, həkimlərin peşəkarlığı və bilikləri burada öz rolunu oynayır, oynayacaq. Bilirəm ki, həkimlərin peşəkarlığını artırmaq üçün, xüsusi proqramlar tərtib edilir, onların dünyada gedən proseslərdə iştirakı ilə bağlı məsələlər öz həllini tapır, informasiya mübadiləsi aparılır. Yəni, həkimlər daim işləməlidirlər ki, biz dünyada sürətlə inkişaf edən tibb sahəsinin bütün yeniliklərini Azərbaycanda tətbiq edə bilək”.
Dövlət başçısı onu da bildirib ki, bununla paralel olaraq bundan sonra da Azərbaycanda xəstəxana tikintisi davam etdiriləcək. Çünki mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. “Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcək”.