Pambıq
19 dekabr 2014 11:25 (UTC +04:00)

Pambıq

Elə adamlar var ki, başı ayrı istiqamətə işləyir. Məsələn, normalda beyin ya saat əqrəbinə, ya da əksinə işləməlidirsə, bəzilərində spiralvari üzüyuxarı, üzüaşağı, yan-bucağa, köşə-hasara burulmalar olur.

 

Bu günlərdə belə bir dostumun fb səhifəsində qəfil paylaşdığı foto məni yerimdən oynatdı! Köhnə paltar geyinmiş bir dəstə qadın, bellərində pambıq xaralı üzü o tərəfə gedirlər... Ha çalışdım, bu fotonun günlə-gündəmlə, acılı-şirinli, xoş-naxoş yazı-pozuyla, yan-yörəsindəki başqa status və paylaşmalarla heç bir əlaqəsini tapmadım. Bu hansı ovqat idi? Bu hansı hiss idi? Bu, torpaq ətri, su səsi, çayır qoxusu üçün, çöllükdə yeyilən şor-çörəyin dadı üçün darıxmağın hansı həddi idi?! Üzümə sərin payız havası vurdu da deyim, inanın!

 

Pambıq!

 

Bu ifadə əvvəl-əvvəl Mikayıl Müşfiqi yadıma salır. Amansız repressiya maşını qarşısında ürpənən gənc şair bu adda şeir yazmışdı. Konyuktura, eləmə tənbəllik, bu addaca kitabını buraxmışdı onun. Təsəvvür edirsiniz: “Pambıq”. Bir zamanlar, xüsusən, 60-cı illərdən sonra, Markesin təsiri ilə təntənəli adlar meydan sulamağa başladı: “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ən gülməli ölü”, “Mən burdayam, ilahi” və s. Taa 2000-lərəcən bu pafoslu adlarla müqayisədə “Pambıq” çox gülməli görünürdü. Etiraf edirəm, şəxsən mən özüm bu ada on-on beş ağız gülmüşəm. Amma Nazim Hikməti anlamaq yaşına çatanda, buddizmlə tanış olanda, ən böyük dəyərlərin əslində ən sadə nəsnələr içərisində gizləndiyinə tam əmin olanda bu ifadəyə münasibətim dəyişdi.

 

Pambıq!

 

...Həm də ən ağır günlərimin xatirəsinə ağ işıq tutur...

 

Bir vaxtlar, axşamüstü kənd xırmanında nağd sayıb veriləcək pambıq puluna möhtac olan ailələr vardı. Ona görə adamlar qarışqa kimi darışırdılar tarlaların canına. Cərgələri tutmalayırdılar. Hərə öz qohumuna yığdırırdı pambığın birinci üzünü, dəj vaxtını. Biz gəlmə idik deyə, işləməyə tarla da tapmırdıq. Amma yavaş-yavaş yumşaldı insanlar. Anladılar ki, belə ayrı-seçkilik ruzi tanrısının xoşuna gəlməz.

 

Barmaqlarımın ucu yara tökmüşdü... Sən demə pardaxlanmış ağappaq sərvəti dilim-dilim yarılan qozanın arasından ehmalca götürmək lazımmış. Sərt hərəkət eləmək olmazmış. Kollara sürətlə cumanda daha çoxmu toplayırsan? Əsla! Əksinə, özünü əldən salırsan. Pambığı “incitmədən” toplamalı... Sevərək... Ehmalca... Nəfəs dərər kimi...

 

Rekord 100 kiloqram idi. Təsadüfi adamlar bu qədər yığa bilirdilər. Bacım bizdən tez alışdı pambığa... Əldən iti idi. O, pambıq yığanda uzaqdan sanardın ki, kanon çalır. Əlləri kolların başında yavru göyərçinlər kimi uçuşur, dimdiyində topa-topa “yem” qayıdıb ətəyində yox olurdu... Bir axşam yüksək nəticə verdi: 110 kq. Həm də tər-təmiz... Torpaqsız, yarpaqsız, qozasız... Kolxoz sədri bir ovuc alıb işçilərə nümunə də göstərdi. Halbuki, mən özüm hərdən çəkisi ağır gəlsin deyə, pambığın içinə göy qozalar atırdım.

 

O axşam bacımın yığdığı ağappaq, tərtəmiz pambığa baxanda inandım ki, dünyada təmizliyi və saflığı sevən, özü də təmizlikdən və saflıqdan ibarət olan o qüvvə bizi heç vaxt darda qoymayacaq.

 

İndi bu xatirələri bacıma danışmaram heç vaxt. Bilirəm ki, burnunu sallayıb ağlayacaq. Əslində ağlamağa elə ciddi səbəb də yoxdur. Sadəcə pambıq çox ağ görünürdü o gecə. Bəlkə gecə çox qaranlıq idi ona görə... Ya da pambığa heç vaxt bu qədər diqqətlə baxmamışdım. Ömrüm uzunu bir daha pambıq gözümə ogecəki qədər ağ görünmədi... Pambıqmı daha ağ idi, gecəmi daha qaranlıq idi, gözlərimmi daha saf idi?!       

 

Pambıq...

 

Tarla...

 

Üzünü gün qaraltmasın deyə ağ parçayla bağlamış qadınlar...

 

Bellərində köhnə xaral...   

 

Pambığın ağlığına and olsun, hərdən canım ağrıyanda elə bilirəm, xaralın içinə qəsdən atdığım qozalara görədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar