Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qəbul etdiyi qərardaddan “ANS Müstəqil Yayım və Media” Şirkətinin verdiyi şikayətə baxılıb.
Şirkətin şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bundan əvvəlki iclasda ANS məhkəmənin MTRŞ-nın hesabına həbs qoyulması ilə bağlı vəsatət qaldırıb. Məhkəmədə hakim İ. Əhmədov tərəfindən həmin vəsatətin təmin edilməməsi ilə bağlı qərardad qəbul olunub. “ANS Müstəqil Yayım və Media” Şirkəti qərardaddan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib.
Xatırladaq ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS 40 min manat vəsaitin ona verilməsi ilə bağlı qarşılıqlı iddia verib. Hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxılır.