<b>Orfoqrafiya lüğətindən çıxarlan sözlər qondarma sözlərdir -<span style="color:red;"> Möhsün Nağısoylu </b>
25 fevral 2019 17:10 (UTC +04:00)

Orfoqrafiya lüğətindən çıxarlan sözlər qondarma sözlərdir - Möhsün Nağısoylu

Azərbaycan dilinin yeni  hazırlanan Orfoqrafiya lüğətinin nəşri mart ayına planlaşdırılır.

Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edildikdən sonra yeni Orfoqrafiya lüğəti işıq üzü görəcək.

M.Nağısoylu orfoqrafiya lüğətinə yeni  əlavə olunan 4000  və lüğətə daxil olunmayacaq 1000-ə yaxın sözlə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, orfoqrafiya lüğətinin son dəfə çap olunduğu 2013-cü ildən bu günə kimi dilimizə bir sıra yeni sözlər daxil olub: “2016-cı ildə nəşr olunan “Yeni sözlər və mənalar” lüğətindən, “İzahlı terminlər lüğəti” kitablarından məqsədəmüvafiq olanları seçilib və yeni lüğətə əlavə olunub. Nəşrə kimi lüğətə yeni sözlərin əlavə olunması prosesi davam edəcək”.

Yeni nəşrə salınmayacaq olan sözlərə gəlincə isə, M.Nağısoylu bildirib ki, həmin sözlər əsasən qondarma sözlərdir.

Direktor əlavə edib ki, həmin sözləri lüğətə Dilçilik İnstitutu yox, “Şərq Qərb” nəşriyyatı əlavə edib: “Lüğət çap olunanda nəşriyyatın da söz əlavə etmək səlahiyyəti var idi. Hazırda yeni lüğətdən çıxarılan sözlərin əksəriyyəti nəşriyyat tərəfindən əlavə olunan sözlərdir”.

M.Nağısoylu vurğulayıb ki, yeni nəşr olunacaq lüğətə nəşriyyatın söz əlavə etmək səlahiyyəti olmayacaq.     

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Aygün İbrahimli

Oxşar yazılar