Orta məktəbdə “5” aldığım dərslər heç vaxt yadımdan çıxmır. Ona görə ki, həmin dərsləri həyata tətbiq eləmişəm. Düşünmüşəm ki, bax, bu “5” aldığım dərs yaşadığım həyatın məhz bu hissəsidir.
Lakin bir “5” aldığım dərsi yadımda möhkəm saxlasam da, hələ indiyə kimi heç bir yerə başını bağlaya bilməmişəm. Necə deyərlər, dərsim sahibsiz at kimi başını hər biçənəyə soxsa da, o saat burnundan vurub geri qaytarıblar, yəni bura sənlik deyil.
Nəhayət bu gün... O dərsin yaşadığımız dünyada bir oxşarını tapa bildim.
Budur “5” aldığım dərs: Rus tarixində öz orijinallığı və tarixi fəlsəfəsi ilə seçilən IV İvan Qroznının “Opriçnina”sı. Qiyməti də verən tarix müəllimim rəhmətlik Möhübbət Abışov. Şahid - İmişli rayonu Əliqulular kənd orta məktəbi. Tarix kabinəsi. 12 aprel 1977-ci il.
Opriçnina - IV İvan Qroznının dövlət qanunlarından ayırdığı və öz qanunlarını tətbiq elədiyi kiçik torpaq sahəsinə deyilir. Mən indiyə kimi bilmirdim ki, “5” aldığım bu dərsi həyatın və dünyanın harasına bağlayım? Mən də bağlamaq və qoşmaq hissi xarakterimin əsas cizgisidir. Ona görə uzun axtarışlarımdan sonra axır ki, atın başını bir ağaca bağlaya bildim.
İki aydan çox İŞİD-lə bağlı mətbuatda oxuduğum xəbərlər, internetdə, televiziyada izlədiyim videolar, kadrlar məni yeni dünyanın Opriçninasını xatırlatdı. Əlbəttə, mənfi mənada. Çox qəribədir, məni sarsıdan şeylərə çox diqqətlə baxıram. Batan gəmiyə, qəzaya uğrayan təyyarəyə, ölən insanlara diqqətlə baxmaqdan doymuram. Əsəblərimə, səhhətimə mənfi təsir eləsə belə. Bəlkə də pis səslənə bilər, amma mən həmin bədbəxt hadisələrdə insanın çıxış yolunu, necə xilas olmaq olar ümidini fikirləşirəm. Elə bilirəm ki, tapsam, bu saat kömək edəcəyəm və həmin o gizli yolu ucadan məhv olan insanlara qışqırıb deyəcəyəm.
İndi heç cür başa düşə bilmirəm ki, diqqətlə tamaşa elədiyim İŞİD-in məharətlə oynadığı bu dram əsəri kimindir? Bayraqlarla, silahlarla yüklənmiş, adi JEEP maşınlarında mahnı oxuya-oxuya gedən və az qala xofu bütün dünyanı ayağı altına alan bu insanların, bu gedişatın quruluşçu rejissoru kimdir? Müəyyən məsələlər mənə gün kimi bəllidir. Bəlli olanı da qəbul edə bilmirəm. Elə bil bütün dünya öldürmək, məhv etmək ehtirasını söndürmək üçün İŞİD adlı bir komandanı seçib və ya müharibə üçün xüsusi bir zona ayırıb. Burada nə istəsən, edə bilərsən. Kimin ürəyində nə qədər azar-bezar, kin –küdurət varsa yükləyir bu çempionata, yəni bu oyuna. Hərə öz üslubunu burda təyin eləyir. Hamının komandası İŞİD–də oynayır.
İŞİD ölüm üçün seçilmiş azad bir sahədir. Burda siyasət də satılır, silah da. İnsan da satılır, ideyada. Çünki bura bütün dünyanın rahat oynaya bildiyi siyasət zonasıdır, Opriçninadır. Burda bütün ölkələrin əlləri (müharibə altda) bir-birin çimdikləyir, amma üzləri bir-birinə gülümsəyir. Əgər odla oynamaq azarın varsa, get İŞİD-də oyna gəl. Ov eləmək istəyisən, ora get. Türkiyəyə, İrana, Amerikaya, Suriyaya nə sözün varsa, get orda de gəl, ora azad bir ölüm düşərgəsidir.
Ola bilsin ki, bu “Opriçnina” dediyim ərazidə ayrı məsələlər var, bu öz yerində. Amma dünyanın maraq dairəsində olan bu oyunda insan ölür. Şer yazdığımız, mahnı qoşduğumuz insan ölür. Dostoyevski ölür, Markes, P.Neruda ölür, ədəbiyyat, metafora ölür.
Ən əsası, sevgi, ölür. Qurtarın bu tamaşanı, yığışdırın Yer kürəsindən bu Opriçninanı, cənablar!
Allah İvan Qroznını da kəssin, “5” aldığım o dərsi də...