Ata-babalarımızdan bizə miras qalan adətlərimiz var. Bu adətləri qorumaq, nəsildən-nəslə ötürmək isə bizim üzərimizə vəzifə kimi qoyulub. Ancaq etiraf etmək lazımdır ki, bu adətlərin içərisində xoşagəlməz, hətta lazımsız olanları da az deyil. Ən acınacaqlı vəziyyət isə yas mərasimləri ilə bağlıdır.
Yaslarımız əsl xeyir məclisinə bənzəyir. Hüzn mərasimlərində daha nələr verilmir? Sanki, ölülərimizə toy edirik. Əgər biz ölülərimizi İslam adətləri ilə dəfn ediriksə, ölülərimizə Quran oxuduruqsa, nədən yas mərasimlərimizi dinimizə uyğun şəkildə təşkil etmirik? İslam dediyimiz din israfçılığın əleyhinədir. Axı ölü ilə insan özünü reklam etməz, başqalarına nümayiş etdirməz...
Bir qədər əvvəl ehsanla bağlı təklif cəmiyyətin böyük bir qismi tərəfindən müsbət qarşılandı. Qeyd etmək lazımdır ki, söhbət ehsanın tamamilə verilməməsini deyil, israfçılığa qarşı idi. Əfsus ki, bəziləri eqoistlikləri səbəbindən bu xoşniyyətli təklifi qulaqardına vurdular. “Mən dədəmin yasında ehsan verəcəm” deyən kasıblar da tapıldı...
Rayonlarda isə indi acınacaqlı vəziyyət yaranıb. Belə ki ehsan “yığışılandan” sonra yaslara gedənlərin sayında xeyli azalma var. Demək ki, bəziləri üçün bir kasa bozbaş bir insanın dərdinə şərik olmaqdan daha vacib imiş.
Rayonda olarkən isə bir nəfərin dedikləri məni dəhşətə gətirdi. “Birinin yasına gedib, 5 manat pul yazdırdım. İndi peşmanam, gərək yazdırmayaydım. Orda ehsan verilmirdi, pulum da boşa getdi”.
Bundan sonra deməyə söz tapa bilmirsən. Odur ki, gəlin ölülərimizə toy etməyək, onlara rəhmət oxudaq.