Dövlət Sosial Müdafiə Fondunda (DSMF) vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev deyib ki, “Dövlət qulluğu haqqında” qanunun qəbulu ilə ölkədə dövlət qulluğu sahəsində vahid sistemin formalaşmasının əsası qoyulub. Ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb. Dövlət qulluğunda çalışmağın hər bir şəxs üçün böyük şərəf olması ilə bərabər, həm də üzərinə məsuliyyət qoyduğunu söyləyən DSMF sədri xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyin dövlət qulluqçusunun əsas vəzifəsi olduğunu qeyd edib. E. Mehdiyev vurğulayıb ki, dövlət qulluqçusu ölkənin inkişafı üçün bütün bilik və bacarığını səfərbər etməli, müasir idarəçilik metodlarını, informasiya texnologiyalarından tam istifadə bacarıqlarını mənimsəməli, müasir düşüncə tərzinə, peşəkar, yaradıcı, təşəbbüskar keyfiyyətlərə malik olmalıdır.
E. Mehdiyev dövlət qulluğuna yeni işə qəbul olunan gəncləri təbrik edərək onlara öz işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, 1 aprel 2014-cü il tarixdə elan edilmiş DSMF üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 250 yer üçün 790 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan iştirakçılardan 65 nəfəri aidiyyəti vəzifələrə təyin olunublar. Fond üzrə mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yaxın vaxtlarda növbəti müsabiqə elan ediləcək. Ölkə üzrə dövlət qulluqçularının 10 faizi DSMF-da çalışır və onların arasında gənclər üstünlük təşkil edir.