Ödəmə kartlarından geniş istifadə banklara borclu insanların sayını artırırmı?
23 iyun 2014 19:28 (UTC +04:00)

Ödəmə kartlarından geniş istifadə banklara borclu insanların sayını artırırmı?

Ödəmə kartı - bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz, bəzi hallarda ödənişli təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır. Buna baxmayaraq ödəmə kartlarından geniş istifadə son nəticədə banka borclu insanların sayını artırır. Kart üzrə borc müəyyən müddət ərzində hər ayın müvafiq tarixinədək banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər. Şəhər sakinləri arasında bu kartlardan istifadə edənlərdən razı qalanlar da var, narazılar da...
 
"Bütün dünyada elektron xidmətlərin keyfiyyəti artır. Bunun tərkib hissəsi olaraq plastik kartlardan istifadənin də əhatə dairəsi genişlənir. Plastik kartlar elektron ödənişlərin həyata keçirilməsində böyük rol oynasa da insanlar kartlardan təyinatı üzrə istifadəni bilməlidirlər". APA TV-yə müsahibəsində iqtisadcı-ekspert Samir Əliyev belə deyib.
 
"Nəzərə almaq lazımdır ki, bu pul sizin pul deyil, bu borcdur. Baxmayaraq ki, pul bizdə olur. Amma bu banka qaytarılmalıdır. Əgər nəzərdə tutulan müddətdə xərclədiyiniz pul qaytarılmazsa artıq ona faiz hesablanır".
 
Samir Əliyev hesab edir ki, problem bankların bu kartları necə gəldi paylamasındadır: "Vətəndaşlar da onun istifadə metodundan xəbərsiz olurlar. Vətəndaş kartı götürür və sonra məlum olur ki, burada çoxlu ödənişlər nəzərdə tutulub. Amma o bunları ödəmək iqtidarında deyil. Kartla nə isə alır sonra onun pulunu hissə-hissə ödəmək lazım olarkən ya məsuliyyətsizlikdən, ya da ki, başqa səbəblərdən ödəyə bilmir".
 
"Məsələ ondan ibarətdir ki, bank insanların maliyyə savadlarının olmamasından yararlanır. Burda məsuliyyət bilavasitə bankların üzərinə düşür. Çox təəssüf ki banklar da əhalinin maliyyə savadsızlığından istifadə edərək, sui-istifadə hallarına yol verir".
 
Ödəmə kartlarının verilməsi ilə bağlı hər hansı məhdudlaşmaya gəlincə Samir Əliyev hesab edir ki, istənilən halda bunun əleyhinədir. "Sadəcə olaraq şərtlər yüngülləşdirilməlidir. Təsəvvür edin ki, nağdlaşdırma birində 1 faizdirsə, o birində 2-3 faizdir. Üstəlik, bankın xidmət haqqı da var. Yaxşı olardı ki, ödənişlərin sayı azaldılsın və yaxud da tamamən aradan götürülsün ki, insanlar bu qayğıdan azad olsun. Bir tərəfdən də insanlara kartın mənfi tərəfləri, ehtiyatlı olmadıqda onu hansı təhlükələrin gözlədiyi barədə tam məlumat verilsin. Əgər belə olarsa düşünürəm ki, problemli kreditlərin artma riski də minimuma düşər”.
 
İqtisadçı-ekspert deyir ki, taksit kartlarından geniş istifadə mənfi yox, əslində, müsbət haldır ki, banklar arasında rəqabət mühiti formalaşdırır. Bu isə öz növbəsində istehlakçıları  daha keyfiyyətli kreditlərlə təmin etmiş olur. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar