Nənə böyrəyini nəvəsinə, gəlin qaraciyərini baldızına bağışlayıb - VİDEO
26 sentyabr 2019 12:07 (UTC +04:00)

Nənə böyrəyini nəvəsinə, gəlin qaraciyərini baldızına bağışlayıb - VİDEO

Onu sizə ürəyi övladları üçün döyünən gözəl ana və yaxud fədakar nənə kimi tanıtmaq istəyirəm. Zəngilanda doğulub, məcburi köçkünlük bir çoxlarımız kimi, onun da alın yazısı olub. 63 yaşlı Nərgiz Ağayeva gülərüz, mehriban, qonaqpərvər və həyat dolu bir qadındır. İki övladı, üç nəvəsi var. Düz 26 ildir paytaxtın Qaradağ rayonunda, Lökbatan qəsəbəsində məskunlaşıblar. 
 
Deyir ki, tale onu çox sınağa çəkib, amma mübariz olub. İki övladı var. “Övlad nəfəsdir” - deyən həmsöhbətimizin sözlərinə görə, qız nəvələrini də elə övladları qədər sevir. Yaşadığı 63 illik ömrün ən ağır sınağı isə nəvəsi Fərzailin səhhətindəki problemlərlə bağlı olub: “O, 17 yaşlı gəncdir, mən ömrümün 63 yaşını yaşamışam. Fərzailin səhhətində problem olduğu üçün o, həmişə mənim üçün digər nəvələrimdən fərqli olub. Bilirsizmi, beş barmağın hansını kəssən, eyni ağrını duyursan. Düşünürəm ki, bu addımı nəvələrimin hamısı üçün atardım”. 
 
Fərzail Nərgiz xanımın ikinci nəvəsidir. 17 yaşı var. Əgər səhhəti ilə bağlı problem yaşamasaydı, o da həmyaşıdları kimi orta məktəbi bitirib arzularının arxasınca gedəcəkdi.
 
Nənəsi Nərgiz xanım Fərzailin 10 yaşı olanda epilepsiya xəstəliyi keçirdiyini deyir. Fərzail həkimlərin səyi nəticəsində sağlamlığına qovuşsa da, sonradan böyrək çatışmazlığından əziyyət çəkməyə başlayıb. Nənəsi deyir ki, valideynləri bunu eşitdikdən sonra Fərzailin müalicəsi üçün müxtəlif mütəxəssislərə üz tuturlar. Beləcə, ailənin döymədiyi qapı, gəzmədiyi ölkə qalmır.
 
Düz yeddi ildən sonra Fərzailin böyrəkləri öz funksiyasını tam itirir, hemodializdən asılılıq yaranır. Ailəyə məsləhət görülür ki, donor tapılmalıdır. Əgər gecikərlərsə, Fərzailin həyatı təhlükə ilə üz-üzə qala bilər: “Balamı bizə yenidən verdilər. Nəvəmin bütün həkimlərinə minnətdaram”. 
 
Heç tərəddüd etmədən Nərgiz xanım nəvəsi üçün donor olur. Nə əməliyyat riskini düşünür, nə də yaşını. Həkimlər onun donor olmaq üçün tam sağlam olması haqda qərar verir. Götür-qoy etməyən nənə canından pay verir nəvəsinə. 
 
Və əməliyyat uğurlu alınır. İndi nənə də, nəvə də yaxşıdır. Fərzail özünü əvvəlkindən daha yaxşı hiss edir. Dərsləri yarımçıq qaldığına görə bir az daha düşüncəlidir. Deyir ki, əgər xəstəliyi ağırlaşmasaydı, təhsilini tam başa vuracaqdı. Arzularına gəlincə, deyir ki, tam sağlamlığına qovuşduqdan sonra təhsilini davam etdirəcək: “Ağrılarım çox şiddətlənmişdi. Artıq dializə qoşulmuşdum. İndi yaxşıyam, hələ də ağrılarım var. Bir il özümü qorumalıyam. Səhhətim imkan versə, oxuyacam. Həkimin məsləhəti ilə çalışıram hərəkət edim. Nənəmi çox istəyirəm”.
 
Cərrah-transplantoloq Mircəlal Kaziminin təcrübəsində canından övladına, nəvəsinə, qardaş və bacısına pay verənlər az deyil. Bəzən donor doğmalar bunu digərinin xəbəri olmadan da edirlər: “Donor olmaq həm də insanları doğmalaşdırır. 750 transplantasiya əməliyyatı o deməkdir ki, 1500 ailə içərisində olmuşuq biz”.
 
Orqan transplantasiyasının 50 illik tarixi olduğunu deyən mütəxəssisin sözlərinə görə, 2008-ci ildən bu günədək artıq 750-dək qaraciyər və böyrək transplantasiya əməliyyatları icra olunub. Buna baxmayaraq, əməliyyatların ürək açmayan nəticələri də olub. Ən maraqlı fakt gəlinin qaraciyərinin bir hissəsini baldıza verməsi olub. Bundan başqa, qayınata kürəkəninə orqan bağışlayıb, gəlin öz qaynına böyrəyini hədiyyə edib. Bu, ailələr arasında bağlılığı və bilavasitə fədakarlığı nümayiş etdirir. Yəni sözün əsl mənasında nümunəvi ailə: “Dünyasını dəyişən xəstələrimiz təbii ki, olub. Dünyanın ən inkişaf etmiş klinikalarında belə əməliyyat zamanı dünyasını dəyişənlər olur. Bilirsiz necədir, çoxlu sayda əməliyyatlar ediriksə, bəzən ürək açan nəticələrin olmaması da labüddür. Bu, normal bir haldır. Olmamağını arzu edirik. Əgər hər hansı bir mərkəz və yaxud cərrah “mənim əməliyyatlarım zamanı tələf olan qeydə alınmayıb” deyirsə, bilin ki, yalan danışır və yaxud heç əməliyyat etməyib. Orqan köçürülməsi əməliyyatları sadə bir əməliyyat deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar