Avropa müstəmləkəçiləri etiraf ediblər ki, hind musiqisi olmasaydı, bu əsrarəngiz və ucsuz-bucaqsız torpaqları ən azı 50 il də əlimizdə saxlaya bilərdik.
Sən demə, adamlar nəğmələrlə böcəklər kimi biri-birinə yabançılarım heç vaxt anlaya bilmədiyi siqnallar göndərir, dərdləşir, parçalanıb, əriyib yox olmurdular.
İnsanın hər şeyini gücə tabe etdirmək olar, nəğmələrini əsla!
Sovet dövründə ritorik bir bənzətmə vardı: nəğmələr quş kimidir, istədiyi yerə uçur, sərhəd, ölkə tanımır. Hətta dili başa düşülməsə belə... Məşhur filmlərin birində deyildiyi kimi, gözəl nəğmənin tərcüməyə ehtiyacı yoxdur. O, dilin çox uzaq məsafə qət edərək gedib ulaşdığı mənəvi dünyaya anındaca sirayət edir. Mən deyərdim, nəğmələr quş səkə bilməyən yerlərə də qanad açır.
80-ci illərdə sovetin sərhədləri belə deyildimi? Amma, adamlar radionun axtarış düyməsini dığıltıyla sağa-sola fırladıb Güney Azərbaycandan, Kərkükdən, Türkiyədən musiqilərə qulaq asırdılar. O dövrdə ədəbiyyata gələn şairlərimizin şeirlərində qəflətən “Qara sevda” ifadəsi peyda oldu. Bu türk radiolarının birində efirə gedən “Gecənin içindən” proqramında oxunan nəğmələrdəki ifadələrdən idi.
Güneydəki məlum dil qadağası haralara işlədisə də Təbriz aşıqlarına təsir edə bilmədi. Adamlar sazı qucağına basıb harda gəldi oxuyurdular. Saz da elə bir alətdir ki, ananla hansı dildə danışırsansa, o dildə oxumağı tələb edir səndən. Hansı dildə Tanrıya yalvarır və dua edirsənsə - o dildə...
Hətta İranın azəri əsilli rejissorlarının çəkdiyi filmlərdə də, nəğmə qadağası işləmədi. Məsələn, məşhur “Kərtənkələ” filmində “Küçələrə su səpmişəm” mahnısı məsciddə Allah kəlamı əvəzinə oxunur. Filmin çəkildiyi mühit üçün böyük riskdir!
...İllər öncə Türkiyəyə ədəbiyyat törəninə dəvət olunmuşdum. Bura türkdilli xalqlar və ölkələrdən yazarlar qatılmışdı. Xakasiyadan yaşlı bir qadın gəlmişdi. Sarışın, mavi gözlü, xınalı saçları qısa vurulmuş mehriban bir xanım idi. Görüşlərin birinə gedəndə avtobusda yanaşı oturmuşduq. O, uzaqdan qərib-qərib boy göstərən bənövşəyi dağlara baxıb zümzümə elədi. Pəsdən elə oxuyurdu ki, adamın içi burxulurdu. Qəfil dönüb üzünə baxanda sarsıldım: qadın ağlayırdı!
O hardasa beş dəqiqə zümzümə edə-edə gözlərindən sel tökdü. Sözlər musiqi ilə bahəm həm də sirli bir keçmişə bürünmüşdü. Sanki mənasını bu dəqiqə anlayacaqdım... Amma heç anlamırdım! Elə sandım ki, nə vaxtsa bu dili bilmişəm və bu nəğməni oxumuşam. Sadəcə sonralar yaddaşım pozulub və həm də bu yaddaş itkisi anlamadığım böyük bir dərdin, ağrının nəticəsidir.
Nəhayət qadın burnunu silib kiridi. Ağlaya-ağlaya oxumaqdan yorulub xarlamış səsiylə dedi: “Eto naşa rodnaya pesinka!”
Dalınca:
“Xakas dili YUNESKO tərəfindən ölməkdə olan dillər siyahısına salınıb. İnsanın dilinin ölməsi onun nəğməsinin ölməsidir. Nəğməsi ölən xalq, heç vaxt xoşbəxt ola bilməz!”
Nə deyəcəyimi bilmədim...
Donub qalmışdım. Bu yaşlı qadın dünyanın ən güclü adamı kimi göründü gözümə:
“Gözəl idi, eləmi?” – soruşdu məndən gülümsəyərək...
“Gözəl idi” – kədərlə cavab verib udqundum.
Qadın başını pəncərəyə söykəyib bu dəfə lap dərindən, lap səssiz, lap ürəkdən oxumağa başladı. Yəni özü üçün... Bir də təbii ki, Tanrı üçün...