Azərbaycanın ali təhsil sistemində həyata keçirilən yeniliklər açıqlanıb. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ali təhsil sistemində mövcud olan ixtisaslara yenidən baxılıb, buna uyğun olaraq tədris proqramları təkmilləşib. Nazirin sözlərinə görə, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək: “Ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxılır. Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr elan olunacaq. Təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir və bu istiqamətdə artıq müəyyən işlər həyata keçirilir”.
Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir.
Nazir orta ixtisas təhsilində də yenilikləri açıqlayıb. Yeni kolleclərin yaradıldığını deyən M.Cabbarov qeyd edib ki, Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas sistemində də tətbiqinə başlanılıb.