Məişət radioelektron cihazları, rabitə vasitələri, hesablama və çoxaltma texnikası, foto və kino aparatları, saatlar, musiqi alətləri, məişət-elektrik cihazları, maşın və alətlər, məişət qaz avadanlığı və qurğuları, digər məişət təyinatlı mürəkkəb texniki mallar ticarət zalına və ya istehlakçıya buraxılma yerinə verilənədək satışqabağı yoxlanılacaq. Lent.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadənin imzaladığı "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında qərarda qeyd olunub.
Qərara əsasən, satış üçün təqdim olunan malların nümunələri ticarət zalında yerləşdirilərkən onların üzərində malın adı, markası, modeli, artikulu, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.
Baş nazirin verdiyi qərara əsasən, məişət təyinatlı mürəkkəb texniki mallarla bərabər, istehsalçı tərəfindən hazırlanmış ehtiyat hissələri və sənədlər də (texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədlər) istehlakçıya veriləcək.
Satıcı məişət təyinatlı mürəkkəb texniki malla birlikdə istehlakçıya malın və satıcının adı, satış tarixi, artikulu, qiymətini əks etdirən və bilavasitə satışı həyata keçirən şəxsin imzası olan əmtəə çekini də verəcək. Həmçinin satıcı qeyd olunan xidmətləri göstərən təşkilatlar barədə məlumatı malların satışı zamanı istehlakçının nəzərinə çatdıracaq.
Əgər malın yığılması və quraşdırılması xərcləri malın dəyərinə daxil edilibsə, bu halda qeyd olunan işlər satıcı, yaxud müvafiq təşkilat tərəfindən pulsuz yerinə yetirilməlidir.