Multikulturalizm Mərkəzinin icraçı direktoru İsveçrədə seminarda olub
29 mart 2015 16:06 (UTC +04:00)

Multikulturalizm Mərkəzinin icraçı direktoru İsveçrədə seminarda olub

İsveçrənin Frayburq universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar keçirilib. Lent.az-ın məlumatına görə, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Silahlı qüvvələr üzərində Demokratik nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə təşkil edilib. 

 

Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor  Azad Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin əməkdaşları Tahirə Allahyarova və İlqar Dadaşov, Federalizm İnstitutunun nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarixi İşlər Nazirliyinin nümayyəndəsi Filipp Lefort və Frayburq Universitetinin hüquqşunası, professor Daniel Vorner məruzə ilə çıxış ediblər.

 

Seminarda BBMM-in İcraçı direktoru Azad Məmmədov Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılmasından ətraflı söhbət açıb. Professor “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərdə tədris olunmasından bəhs edib və bu fənnin növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb.

 

BBMM-in icraçı direktoru bildirib ki, “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr tədris müddətində Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yer alan tolarantlıq, multikulturalizm ideyaları, müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən fəaliyyətlə  tanış olacaq, multikulturalizmin Azərbaycan modelinin  mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini daha dərindən anlayacaqlar. A. Məmmədovun çıxışı seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu səbəbdən BBMM-in icraçı direktoru növbəti gün ayrıca olaraq Frayburq Universitetinin Sosyal Elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.

 

Görüşdə professor A. Məmmədov Azərbaycan Respublikasının multikulturalizmi özünün dövlət siyasəti bəyan etməsindən, ölkə başçısı İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü işdən, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan münbit multikultural və tolerant mühitdən danışıb.

 

Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədova təklif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar