AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
İclasda AMEA Riyaziyyat və Mexanika, Fizika, Kibernetika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları institutları və Şamaxı Astrofizika Rəsədxanasının illik hesabatları təqdim olunub.
Bölmənin akademik-katibi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq İKT ili çərçivəsində bölmənin elmi müəssisələri qarşısında qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söhbət açıb. Bildirib ki, həyata keçirilən elmi-tədqiqatlar dövlət proqramlarına dəstək verməklə yanaşı, qlobal problemlərin həllinə yönəldilib.
Öncə Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov illik hesabatla çıxış edib. 3 əsas istiqamət üzrə aparılan fundamental və tətbiqi xarakterli 8 mövzunu əhatə edən 42 elmi-tədqiqat işi haqqında məlumat verdi. Bildirdi ki, institutun əməkdaşları tərəfindən respublika və beynəlxalq elmi nəşrlərdə 355 məqalə dərc olunub ki, onlardan 161-i impakt faktorlu jurnallarda işıq üzü görmüşdür.
Kibernetika İnsitutunun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi elmi müəssisədə informasiya-telekommunikasiya sistemlərinin, eləcə də riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri araşdırılıb.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev yeni yaradılan “Elm TV” internet-televiziyası haqqında məlumat verib.
Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov institutda praktiki nüvə elmləri, alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi və digər istiqamətlərdə elmi araşdırmaların aparıldığını qeyd edib.
İnstitut əməkdaşları tərəfindən 107 məqalənin işıq üzü gördüyünü, onlardan 58-nin impakt faktorlu jurnallarda dərc olunduğunu nəzərə çatdırdı.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, institutda 2 istiqamət üzrə aparılan tədqiqatlar 8 problemi əhatə etmiş, tamamlanmış 124 tədqiqat işindən 83-ü riyaziyyat, 41-i isə mexanika sahəsinə aid olub.
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.