Təhsil müəssisələri üçün müəyyənləşdirilmiş yeni qida standartlarına riayət edilməsi ilə bağlı tabelikdə olan aidiyyəti müəssisələrə rəsmi qaydada göstərişlər verilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat yayıb. Qeyd olunan standartların tətbiqinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi “gənclərin təhsilə marağını daha da artırmaq üçün magistrlərin işə qəbulu zamanı müəyyən güzəştlər tətbiq edilə bilərmi” sualına da aydınlıq gətirib: “İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmayıb. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək”.
Təhsil Nazirliyindən bildirilib ki, belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq.