Mətbuat Şurası ölkəmizdə keçirilən seçkilərlə bağlı məlumat yayıb. Qurumdan Lent.az-a verilən xəbərə görə, Mətbuat Şurasının 9 oktyabr prezident seçkisini izləyən monitorinq qrupunun üzvləri media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarına prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb.
Bu gün saat 16.00-dək MŞ-nin «qaynar xətt»inə prosesi işıqlandıran bir jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra yaranmış anlaşılmazlıq aradan qaldırılıb.
Bundan başqa MŞ sədrinin müavini Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvləri – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətlə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.