Məmməd müəllimi necə bədbəxt edəcəkdim?
05 oktyabr 2016 11:03 (UTC +04:00)

Məmməd müəllimi necə bədbəxt edəcəkdim?

 

Kənddə yaşayan qohumlarım məndən çox inciyirlər,  deyirlər, gedib oturub Bakıda, iki gündən bir televizorda çıxış eləyir, amma bizim qolumuzdan yapışmır.  Sən allah, gör dayıoğlu nə deyir: “Camaat bizə rişxənd eləyir ki, o boyda qohumunuz televizorda şeir deyir, amma sizə baxmır. Allah haqqı, mənim elə qohumum ola, ən azı kənddə işıq pulu yığan işləyərəm”.

 

Qohumlarım haqlıdır. Mən hələ indiyə kimi bir iş düzəldə bilməmişəm. Hətta adi bir xəstəni həkimə aparıb müayinə etdirə bilmirəm. Sonu həmişə dava ilə nəticələnir. İndi xəstəxanaya gedəndə məni özləri ilə aparmırlar. Bilirlər ki, heç nə düz gəlməyəcək. Ayağım ağır olduğuna görə yox, sadəcə həkimlə mübahisə edəcəm. Ona görə həkimə xəstə aparmaqdan canım qurtarıb.

 

Bir gün qonşular  başıma yığışdılar ki, müəllim,  səni tanıyırlar get qaz idarəsinə,  denən bu küçənin üstündən keçən qaz xəttini bir az  yuxarı  qaldırsınlar,  hündür maşın gələn kimi banına  dəyir.  Qara kostyum, qırmızı qalstuq  geyinib “Ya Allah” deyib üz tudum qaz idarəsinə. Müdir  xəritəni açdı qoydu qabağıma.  O qədər dəqiq izah elədi, min faiz başa düşdüm ki,  bunların qəti günahı  yoxdur,  məsələni yuxarı ilə  həll eləməliyəm.  Getdim yuxarıya, yəni rayon qaz istismar idarəsinə. Sağ olsunlar, düzdü, məni  çox yaxşı qarşıladılar, qarşıma çay qoydular. Məsələni deyəndən sonra  yenə dəftər kitabı tökdülər qabağıma, hər şeyi izah elədilər. Artıq  özüm anladım ki, xətti dəyişməklə  tamamilə qanunsuz bir  iş görürük. Hələ arzu və istəyimizə bərk  əsəbləşdim. Dedilər, lap yuxarılar, yəni baş idarə sizə kömək edə bilər.

 

Ora da getdim, dedim, yaxşı deyil, qonşular mənə iş  etibar eləyiblər, gərək axıra çatdıram. Nə isə, baş idarə  də məni başa saldı ki, nahaq əziyyət çəkib gəlmişəm, bu iş düzələsi iş deyil. Lap mühəndis xanım  fililoji təhsili olduğunu da  bir az büruzə verdi, yəni mənim yaradıcı insan  olduğumu nəzərə alıb, yüngülvari işarə də elədi ki, müəllim, sizin ürəyinizə  düşən  bu arzu  yerli-dibli səhvdi, ürəyinizdən silin getsin.

 

Kor- peşiman çıxıb gəldim evə. Qonşulara məsələni izah elədim.

İki gündən sonra gördüm ki,   həmin qaz xəttininin yerini dəyişirlər. Utana-utana gəldim yaxına. Tükəz  arvad sinəsini irəli verib dedi ki, mən özüm Salmana dedim, Salman da həll elədi. Salman  20-ci sahədə yaşayır, biz Bayılda. Bir ayağını çəkir, bir ayağı ilə də həmişə küçəyə atılmış su qablarına təpik vurur. Orta təhsilli  bir adam, lap dərindən düşünəndə adi fəhlə. O günü getdiyim yerlərə heç ayağı dəyməyib. Heç baş idarənin yerini bilmir.

 

Bax, bu da mənim iş düzəltməyim… O Tükəz arvad, bu da mən.

 

Lap elə bu yaxınlarda poçt idarəsində işləyən  bir dostum gəldi ki,  mənim kiçik uşağımın 11 yaşı var. Xəstə  olduğu üçün  dərsə getməyib, jurnalda heç adı da yoxdu. Gedək onu düzəldək,  4-cü sinifdə oxusun. Çünki yaşıdları 4-cü sinifdə oxuyur. Dedim, nə danışırsan,  bu iş düzələsi deyil. O da dedi ki, qardaş, sən Təhsil Nazirliyinin  yerini göstər mənə.  Sən dur qıraqda, mən özüm  həll edəcəyəm. Nə qədər elədim, başa düşmədi. Getdik eyy.  Bir nəfər bu işə baxan  adamla görüşdük, 35 il müəllim  işlədiyimi dedim, metodist müəllim, baş müəllim, ali kateqoriyalı müəllim, Respubilkanın  Qabaqcıl Maarif Xadimi olmağımı, nə var, hamısını dedim. O  da öz növbəsində yerindən durub mənimlə təzədən görüşdü. Nə xeyri, o  müəllim hüquqi  dillə mən müəllimi işin qeyri mümkünlüyü barədə  elə başa saldı ki, dedim, qardaş, dur gedək, bu, düzələsi iş deyil. Hətta üstəlik  əlavə elədi ki, 35 ildir müəllim işləyirsən, sən bu qanunları niyə bilmirsən?

 

Dostum dedi, sən get, mənim qardaşdan xoşum gəldi, bir az söhbətim var. Aradan bir neçə həftə keçəndən sonra  dostumla görüşdüm, dedim, qardaş, nə var nə yox? Dedi, yaxşıdır hər şey, uşaq  dərsə gedir. Dedim, kim düzəltdi, dedi, həmin adam. Dedim, axı deyirdi, düzələn iş deyil.  Dostum  qayıtdı ki, düz bir həftə yapışdım xirtdəyindən, düzəltdi.

 

Dəqiq bilirəm ki, belə şeylərdə dostum əlini cibinə salan deyil, yəni o məsələ qəti olmayıb. İncə bir nüans var belə şeylərdə. Qanan, başa düşən, oxumuş adam heç vaxt iş düzəldə bilmir. Qanmayan, oxumayan  bir anın içində məsələni həll eləyir.

 

Bu yay qonşular  yenə gəldilər üstümə.  Dedilər ki,  Məmməd müəllimin evini rayon icra hakimiyyəti  sökür. Dedim, tez olun, Tükəz arvadı  tapın. Tükəzi verdik qabağa. Küçəmizin oxumuş adamlarının  hamısı Tükəz arvadın  arxasında dayanmışdı. Tükəz arvad   söküntünü dayandırdı. Çox sevindim, yaxşı ki, qabağa çıxmamışam, yoxsa Məmməd müəllim bədbəxt olacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar