Mehdinin “belarus”u
19 noyabr 2014 10:47 (UTC +04:00)

Mehdinin “belarus”u

O günü zəng eləyib… Deyir, niyə məndən bir yazı yazmırsan? Özü də, ad günümdü. Elə gərək çalıb-oxuyan olam? Dedim, Mehdi, Həzrət Abbas haqqı yüz çalıb-oxuyan sənin o mazutlu əllərinə dəyməz.

 

 

 

Sinif yoldaşımdı. Üstəlik dostuq. Halal-hümmət adam olduğundan xətri yanımda əzizdi. Ona görə həmişə ərklə danışır mənimlə.

 

 

Kənddə bir söz var: “Mehdinin əlləri nə vaxt təmiz olur?” Xorla cavab verir uşaqlar: “Xaş yeyib barmaqlarını yalayanda!” Allah əhədini kəssin bu itoynadanların! Nə olar adam traktorçu olanda. Üstəlik sürdüyü belorus köhnədirsə və iki gündən bir xarab olursa, əlləri yağa-bala batası ha deyil!     

 

 

Hələ bir yaşlı cəbr müəllimimizə baxın: “Mehdi, sənin belorusun nokautdan təzə qalxmış boksçu kimidi! Di gəl, üzünə salıb döyüşdən əl çəkmirsən!”

 

 

Açığı, bu sözdə bir az həqiqət var. İl uzunu ot-saman, əkin-biçin, yük daşıma... ələmyesirdi yazıq. Birdən bu peydasız “belorus”un elə yeri qırılır ki, qazandığının hamısı sovrulur göyə. Siqaret çəkib qaşlarını qaldırdımı, ən böyük arzusunu həmən dilə gətirir: “İmkanlaşdırıb bir təzə “belorus” ala bilsəydim...”

 

 

“Ay-hay! Yeməsən-içməsən alarsan, Mehdi! Niyə almırsan!” – bu da başqa bir künc zərbəsi. Amma vecinə deyil Mehdinin. Əsəbləri o qədər rahatdır, eləcə gülür. Özü də elə ürəkdən ki, ağzının cırımı qulaqlarının dibinəcən uzanır. Özü bilir, müşkül arzudu arzusu. Ailə var - uşaq var! Lap onlar olmasın, işin bərk yerində meratın qəfil xarab olmağı var!

 

 

Kolxoz dövründən miras qalan bu “belorus”a xərclədiyi vaxt və enerjiylə rahat bir təyyarə düzəldərdi. Amma Mehdidə gəliri-çıxarı hesablama şakəri yoxdu. Bircə həyat kredosu var: “Yaxşı olacaq!”

 

 

“Uje qartımısan eee... a belisınmış! Nə vaxt yaxşı olacaq? Qəbirdə?” – arvadıdı, əlbəttə... Başqa kim adamın üzünə vura bilər belə ağır sözü. Qolunda fil gücü olsa da mağıldı yazıq. İllah da uşaqların anasının qabağında. Mehdiyə görə sənə uşaq doğan qadın atadan da, anadan da, lap belə tanrıdan da irəlidi. Onu incitməkmi olar? Amma bir iş var ki, başqalarının yanında da fağırdı niyəsə. Adamlardan halal zəhmət haqqını belə düz-əməlli ala bilmir. 20 nəfərin azı, azı 15-i aldadır Mehdini. Ya pulunu kəsir, ya gecikdirir, ya da ümumiyyətlə vermir. Qorxur, desəm, yalan olar. Sadəcə utanır istəməyə...   

 

 

Bir dəfə həyətdə oturmuşuq. Arvadı gəldi... Anam-bacım olsun, açdı gül ağzını. Dedi, ay qardaş, bu dostunun necə bir mağmın olduğunu bilmirsən. O gün səhər qaranlıqlı presbağlayanı qoşub, sahəyə çıxırmış. Mən də bu sınmış əllə axşamdan buzovu presbağlayanın arxasına bağlamayam?! Booo!!! Nə bilim tülküdurmazdan igidliyi tutacaq bu vurğunvurmuşun! O qədər yorğunam ki, səsə də oyanmamışam. Sən dur, presbağlayanı qoş, dalını kəs sahəyə tərəf! Buzov da arxasında... İncəvara kəndin aralığında kimsə görüb, hay salıb! Yoxsa, bir az da bərk sürə, dartıb öldürəcək yazıq heyvanı! Sən Allah, sən denən, insan yerindən qalxanda bir həndəvərinə baxmazmı?!

 

 

Mehdi mazutlu əlini siqaret üçün cibinə ataraq bir uğunmaq uğundu, dedim ürəyi gedəcək bu dəqiqə... Məni də gülmək tutdu.

 

 

Amma bir gün eşidəndə ki, dostumun “belorusu”nu oğurlayıblar, qüssə basdı məni. Onu “belorus”dan ayırmaq ananı baladan ayırmaqdan ağırdı çünki!

 

 

Heç nə, Ağ göl yataqları tərəfdə yaşayan qohumlarıgilə gedibmiş. “Belorus”unu yaşıl təpəcikdə üzü enişə saxlayır ki, yelləyib asanca xoda salsın. Səhər qalxır – “belorus” yoxdu! Ora-bura... Polis-molis... Heç nə çıxmır. Özü demiş, merat tapılmır ki, tapılmır!

 

 

Mehdi az qalırdı havalana... Gündə üç qutu siqaret çəkirdi. Mazutlu əllərini qoymağa yer tapmırdı. Axı o, kimə nə pislik eləmişdi ki, köhnə-kürüş belorusunu çöllüyün ortasından oğurlayalar, uşaqlarını ləlöyün qoyalar!

 

 

Allah mərhəmətlidir. Bir ay keçməmiş belorus tapıldı. Sən demə, saxladığı təpədən öz-özünə yellənib göy çəmənlikdə iz salmadan qarşıdakı gölə giribmiş. Göl dərin imiş deyə itirib belorusu. Havalar qızdıqca su azalıb və bir gün yataqdakılar gölün ortasında qəribə bir dəmir parçası görüblər. Qayıqla yaxınlaşıblar ki, Mehdinin belorusudu.

 

 

Vay-vay-vay!

 

 

Bundan sonra gəl təhnizlərin qarşısında dur görüm, necə durusan?!

 

 

Anan ölsün, Mehdi!

 

 

Hələ bir sözünə bax: “Nə vaxt yazacaqsan məndən? Gərək çalıb-oxuyan olam?”

 

 

Dedim, səndən də yazaram, lap belə o mübarək belorusundan da! Bu da olar məndən sənə ad günü hədiyyəsi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Şərif Ağayar

Oxşar yazılar