Polşanın cənub-şərqində, Beşçadı dağlarında qonur ayı 58 yaşlı qadını parçalayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə aprelin 23-də Ukrayna sərhədinə yaxın Polonna kəndi ətrafındakı meşədə baş verib. Yerli sakin 27 yaşlı oğlu ilə birlikdə maral buynuzları toplayarkən onlar bir-birindən ayrılıb. Ana telefonla danışarkən “Ayı, ayı!” deyə qışqırıb və bundan sonra əlaqə kəsilib.
Oğlu qadını taparaq saat 10:30-da fövqəladə xidmətlərə məlumat verib. Hadisə yerinə üç yanğınsöndürmə briqadası və polis cəlb olunsa da, ərazinin çətin relyefi və dəqiq koordinatların olmaması axtarışları çətinləşdirib. Həkimlər qadında ağır kəllə-beyin travmaları qeydə alıblar və onu xilas etmək mümkün olmayıb.
Hadisə yerinə prokuror göndərilib, yerli hakimiyyət isə hələlik meşələrə girişi qadağan edib.