"Bura paytaxt küçələrindən biridir. Bu, kanalizasiya sularının küçəyə axıdıldığı sulardan yaranan gölməçədir. Həm də bu küçənin quraqlıq vaxtı olan görüntüsüdür. Yəqin ki, yağışlı havada küçənin halını təsvir etmək sizə o qədər çətin olmaz. Burda hərəkət etmək demək olar ki, mümkünsüzdür".
Sabunçu rayon Ramana qəsəbəsi Südçülük Sovxozunda qaçqın və məcburi köçkünlər üçün salınan yeni məhəllənin sakinləri hər gün bu yoldan istifadə edirlər. Ərazidə yaşayanlar Qərbi Azərbaycandan qaçqın düşdükdən sonra Şuşa rayonunda məskunlaşıblar. Sonra oradan da Bakıya gəlməyə məcbur olublar. Paytaxtda müxtəlif yerlərdə məskunlaşan sakinlər 2003-cü ildə burada salınan yeni qəsəbəyə köçürülüblər. Həmin vaxt hər şey qaydasında olub. İndi isə sakinlər şəraitsizliyə görə şikayət edirlər.
"Drenaj çəkdilər doldu, ot basdı. Neçə dəfə şikayətə getdik. Gəldilər, onları da qopardıb atdılar".
"Kanalizasiya çəkilməyib, evimizə su dolub. Pəncərələrimizi aça bilmirik ki, uşağımıza təmiz hava gəlsin".
"Uşaq xəstə olur, maşın gətiririk, maşın keçmir".
Qaçqınlar məhəlləsi kimi tanınan bu ərazidə bərbad vəziyyətdə olan təkcə yollar deyil. Məktəb ərazisi də daxil olmaqla günlərlə yığılıb qalan zibillik, bir tərəfdən də kanalizasiya sularının qoxusu əməlli-başlı narahatlıq doğurur.
Sözügedən məhəllə Ramana bələdiyyəsinə aiddir. Öyrəndik ki, qəsəbədən xeyli uzaqlıqda yerləşən məhəllənin problemlərini aidiyyatı orqanlara çatdırmaq üçün bələdiyyədən 3 nümayəndə təyin edilib. Ancaq sakinlər deyir ki, onlar heç biri problemlə maraqlanmır. Sakinlərin köməkliyi ilə həmin 3 nümayəndədən biri, daha doğrusu birincisi, bələdiyyə sədirinin müavini Nurəddin Əliyevin telefon nömrəsini aldıq. Məsələni bilən kimi sədr müavini ərazidən çox uzaq olduğunu və bu səbəbdən də şikayətlərə aydınlıq gətirə bilməyəcəyini dedi.
Amma söhbətdən bir neçə dəqiqə sonra sədr müavini təsadüf nəticəsində qarşımıza çıxdı və əlacsız qalıb sualımıza cavab verməyə razılaşdı: "Sakinlərdən heç kim bələdiyyəyə müraciət etməyib. Əgər yazılı müraciət olardısa, biz də müvafiq icra orqanlarına müraciət edərdik".
Daha sonra qəsəbənin bələdiyyə sədri Əliseyran Babayevin yanına getdik. Sədrlə əraziyə qayıtdıq. O, problemlərdən xəbərsiz olduğunu bildirərək sakinləri xəbər verməməkdə ittiham etdi.
"Siz indi deyirsiniz, mən bilirəm ki, burdan borular çıxarılıb. Gərək vaxtında xəbər edərdiniz. Sabunçu rayon Su və Kanalizasiya idarələrinə müraciət edəcəyəm. Əvvəlcə bələdiyyə bilməlidir ki, nə var, nə yox. Mən nə bilim ki, burda kanalizasiya borularını, elektrik dirəklərini kim söküb aparıb?"