MDB ölkələrindən olan tarixçilər Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə dərs vəsaiti yazacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə MDB ölkələrinin Tarix İnstitutları Direktorları Assosiasiyası qərar qəbul edib.
Ümumdünya Tarixi İnstitutunun direktoru Aleksandr Çubaryan bildirib ki, dərsliyin konsepsiyasını belaruslu tarixçilər hazırlayacaqlar: “Böyük Vətən Müharibəsi və II Dünya Müharibəsində qələbənin 70 illiyi münasibətilə kitabın yazılmasına dair konsensus əldə olundu. Bəzi tədqiqatçılar müharibənin adına dair xüsusi mövqeyə malikdirlər. Məsələn, Moldova Elmlər Akademiyasında rəsmən hesab edirlər ki, bu ölkə Böyük Vətən yox, II Dünya Müharibəsində iştirak edib”.
Direktorlar Assosiasiyasının iclası Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Toplantıda Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Moldova və Tacikistanla yanaşı, Azərbaycan da təmsil olunub. Qırğızıstan və Özbəkistan isə belə bir dərsliyin yazılmasına yazılı razılıq veriblər. Kitabın kimin üçün və hansı dildə yazılacağını Çubaryan açıqlamayıb. Qələbə günü 2015-ci il mayın 9-da qeyd olunacaq.
Qeyd edək ki, Aleksandr Çubaryan Rusiya tarixinin məktəblərdə tədrisinin vahid konsepsiyasının işlənilməsində iştirak edib. Bu konsepsiya Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hazırlanıb.