Sentyabrın 9-da Azərbaycan Dillər Universitetində 2014-2015-ci tədris ilinin ilk Elmi Şurası keçirilib. Universitetdən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 09.09.2014-cü il tarixli 7 saylı qərarına əsasən Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi, eləcə də macar dilinin Azərbaycanda yayılması sahəsindəki fəaliyyətinə və təşəbbüslərinə görə ADU-nun fəxri doktoru adı ilə təltif olunub. Elmi Şurada ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Azərbaycanla Macarıstan arasında olan münasibətlərin əməkdaşlıq və qardaşlıq səviyyəsində olduğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən rektor Səməd Seyidov burada bir çox xarici dillərin tədrisi, o cümlədən bu ildən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində macar dilinin tədrisinə başlanılması barədə də danışıb. Səməd Seyidov Macarıstanla siyasi, iqtisadi münasibətlərlə yanaşı, təhsil və elm sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirib.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutoranın bu istiqamətdə əməyinin danılmaz olduğunu söyləyən rektor Səməd Seyidov səfirin 2014-cü il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülməsini görülən işlərin yüksək nəticəsi kimi qiymətləndirib. ADU-da macar dilinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi nəzdində tədrisinə başlanılmasından sonra Pedaqoji fakültədə, həmçinin Filologiya və Jurnalistika fakültəsində də tədrisinin nəzərdə tutulduğunu vurğulayıb. Macar dilinin universitetdə tədris olunmasının tələbələrdə bu dilə maraq oyatmaq, onlara macar dili və mədəniyyətinin incəliklərini təbliğ etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səməd Seyidov Macarıstanla gələcək əməkdaşlıqlarda qarşılıqlı mübadilə proqramlarının da inkişafı üçün səy göstəriləcəyini vurğulayıb.
Sonra rektor Səməd Seyidov Fəxri doktor diplomunu və mantiyanı səfirə təqdim edib və bununla da ADU-nun fəxri doktorlarının sayı 6-ya çatıb.