Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə baş çəkib. APA-nın məlumatına görə, L.Əliyeva kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb, onların əl işlərindən ibarət sərgiyə baxıb. Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. L.Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.
Sonra L. Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində olub. Məlumat verilib ki, burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak edib. L. Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirib. Sonda xatirə şəkli çəkdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evinə də baş çəkib. L. Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib, yaşayış şəraiti ilə maraqlanıb.
Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa edib. Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.