İllər öncə əsəb sarsıntıları ilə bağlı müalicə alırdım. Həkimim içimdəki narahatlıqları ovuda bilməyəcəyini görüb, mənə kənd şəraitində, təmiz havada istirahət etməyi məsləhət gördü.
Havalar elə də isti deyildi deyə qohumların yaşadığı Ağcabədi rayonunu seçdim. Daha dəqiqi, Ağ göl qoruğu yaxınlığındakı obada yaşayan qardaşımgili... İmkan və şəraitləri nisbətən yaxşı idi. Üstəlik Ağ göl səfalı yerdir. Təmiz havası, maraqlı təbiəti var. Bir də görürsən qazlar qaqqıldaşa-qaqqıldaşa havaya qalxdı, qəfil qurd uladı, cüyür mələdi, hansısa quş qəzəblə çığırdı, çöl ördəkləri vaqqıldayaraq nədənsə gileyləndi.
Qardaşımın dişi bir iti vardı. Təzəcə küçükləmişdi. Yumruq boyda balalarının gözü hələ açılmamışdı. Canlı olduqları ora-bura vurnuxmalarından bilinirdi. Səhərlər tezdən qalxıb yeri-göyü, qamışı-gölü, qazı-ördəyi müşahidə edə-edə istirahətin kefini çıxarırdım. Ən çox da itə göz qoyurdum. Balalarına süd verməsinə, onları qoxulayıb yalamasına, burnuyla tərpətməsinə... Yeri gəlmişkən, itin burun hissəsində qara rəngdə, qəribə bir çıxıntı var. Burun dəlikləri də bu çıxıntının üstündədir. Havanın temperaturundan asılı olmayaraq həmişə bumbuz olan bu çıxıntını “Qoxubilmə aparatı” da adlandırmaq olar. Həmin “aparat” həm də itin bədənini sərin saxlayır. Soyuq havalarda it məhz burnunun o hissəsindən daha çox üşüyür və o saat şələ quyruğunun altında gizlədir. Çobanlar itlərin quyruğunu ona görə kəsirlər ki, burnunu örtüb yatmasın, ayıq olsun. İnsan da daxil bütün canlılar üşüyəndə həssas olur.
Qardaşımın iti burnunun soyuq yerini balalarına elə həssaslıqla sürtürdü ki, elə bil, bütün içalatını görür, xəstəliklərini, narahatlıqlarını, ac olub-olmadıqlarını yoxlayırdı.
Bir səhər qalxanda küçükləri yerində görmədim. Qardaşımın aralıda nəsə torpaqladığını görəndə hər şey aydın oldu.
Sarsıldım!
İt dörd-beş bala doğur. Bunların hamısını saxlayıb böyütmək imkan xaricindədir. Əsasən də dişi itlər heç kimə lazım olmur. Ona görə, gözləri açılmamış torpağa basdırırlar. Gözləri açılan canlını öldürmək, basdırmaq çətin olur. Gərək əziyyət çəkib azdırasan!
İt yox idi. Harasa getmişdi. Qayıdanda özünü əvvəlcə hinə atdı. Balaları yox idi. Bayıra çıxanda onun içindən xəfif bir zingilti eşitdim. Səs boğazından, ağzından deyil, bətnindən, bədənindən gəlirdi. Və bu səsin aramsız müşayiəti ilə ora-bura boylandı, yeri iyləyə-iyləyə xeyli fırlandı, ot tayasının dibinə qaçdı, başına dolandı, tövləyə atdı özünü... Çölə zibil atan evin qadınından haray istədi, əllərini yaladı. Qadın heç nəyin fərqinə varmadan əllərini çəkdi. Bu vaxt qardaşımı aldı gözü, ona tərəf qaçdı, üstünə sırmandı, zingilti səsinə qəribə bir vığıltı da qarışdı. Qardaşım təpinib qovdu onu. Uzaqdan mənə baxdı... Baxışları güllə kimi dəldi bədənimi. Amma ağlı bir şey kəsmədi məndən. Üzünü çevirib yenə hinə tərəf qaçdı, içəri girdi. Bayaq yanlış görmüşdü deyə düşündü yəqin ki... Balaları orda olmalı idi axı!
Bir də bayıra çıxanda içindəki xəfif zingiltini daha aydın eşitdim. Bu dəfə daha kövrək, daha əlacsız, daha ürəkparçalayan idi. Və bu dəfə yeri yox göyü iylədi heyvancığaz. Burnunun soyuq çıxıntısı həssaslıqla titrədi.
Gördüklərimə dözə bilmədim. Evə keçdim. Sakitləşdirici dərmanları ikiqat atdım...
...Bu müalicəvi istirahətin mənə faydası o oldu ki, sonralar həmin zingiltini adamlardan eşitməyə başladım. Küçüyü basdırılmış it kimi narahat, əlacsız, bədbəxt adamlardan...