Azərbaycanda kimsəsiz və yetim uşaqların, ailə problemləri üzündən küçələrdə yaşayan azyaşlıların dəqiq statistikası məlum deyil. Əldə olan rəqəmlər yalnız uşaq evlərində, internat məktəblərində yaşayanların sayını göstərir.
APA TV-nin araşdırması nəticəsində məlum olub ki, Azərbaycanda 4 Körpələr evində 122, 6 uşaq evində 507, yetim və valideyn himayəsindən məhrum olanların yaşadığı 2 internat məktəbində 409, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan 11 xüsusi internat məktəblərində 2660, əqli cəhətdən geri qalan uşaqlar üçün 2 internat məktəbində 279, 23 ümumi tipli internat məktəblərində isə 7160 nəfər qeydiyyatdadır. Bu rəqəmlər Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin məlumatlarında da əksini tapıb.
MM-in Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, Azərbaycanda bu sahədə vəziyyət Avropa ilə müqayisədə o qədər də pis deyil. Onun dediyinə görə, bizdə bu məsələ ilə bağlı qanunvericilik bazası zəngindir. Bəs bu qanunların icrası necədir?
“Demək olar ki, qanunların əksəriyyəti tətbiq olunur. Amma onların icrası qənaətbəxş deyil. Məsələn, rayon icra hakimiyyəti orqanlarının tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərir və onlar vəziyyəti araşdırıb öz rayonları üzrə hesabat təqdim etməlidirlər”.
Qeyd edək ki, vəziyyəti daha dəqiq öyrənmək üçün Suraxanı, Binəqədi və Nərimanov rayonlarının İcra Hakimiyyəti orqanları ilə əlaqə saxladıq. Qurumdan həmin komissiyaların araşdırma apardığını bildirsələr də, konkret statistik göstərici olmadığını söylədilər.
Musa Quliyev hesab edir ki, bu məsələdə vəziyyətə ciddi nəzarət yoxdur.
“Statistika var, amma onun reallığı nə dərəcədə əks etdirdiyi tam aydın deyil”.
"Gördüyünüz bu insanların hər biri uğursuzluqdan yaranan uğurlardır". Bunu "Ümid yeri" sığınacağının rəhbəri Kəmalə İsrafilova deyir.
“Bu qızlar arasında zərərli vərdişləri olanlar da var, atılmışlar da var, ailə problemləri yaşayanlar da var”.
Kəmalə İsrafilova deyir ki, əsas odur ki, bura gələnləri əksəriyyəti yenidən həyata qayıtmaq, reabilitasiya olunmaq istəyənlərdir. Burada pis vərdişlərdən azad olmaq üçün qaydalar var. Yəni, ciddi maarifləndirmə işləri aparılır. Amma elə uşaqlar var ki, biz onları qalmaq üçün yerlə təmin edə bilmirik. Kəmalə İsrafilova deyir ki, indiyə qədər “Ümid yeri”nə 700-dən çox gənc qadın və uşaq kimsəsiz kimi müraciət edib. Amma onlardan cəmi 76-nı yerləşdirə və reabilitasiyası ilə məşğul ola biliblər. Belə insanların sayı get-gedə artır.
“Bəzən valideyn gəlir, sənədi, qalmağa yeri olmur, ailəsi yoxdur, və ya həbsdədir, məcburən qəbul edirsən. Məsələn, bir qızımızın 20 yaşı var, problemləri çoxdur, reabilitasiya olmaq istəyir. İmtina etmək mümkün deyil”.
Üzünü göstərmək istəməyən bu xanımın 20 yaşı var. Amma həyatın hər üzünü görüb. Biz onun evindən, ailəsindən niyə ayrıldığını, küçə həyatına necə başladığını öyrənməyə çalışdıq. Məlum oldu ki, o, 17 yaşında ailə qurub. Bir gün həyat yoldaşı ondan ayrılmaq istəyib:
"Ondan ayrıldım. Çətin idi. Hər şeydən, hamıdan heyf çıxmaq istəyirdim. Sonra evə getməməyə başladım. Bir müddət küçələrdə qaldım. Orada adam çox şey öyrənir, amma adın ləkələnir. Əslində, həyatın bir anında göstərdiyin zəiflik buna gətirib çıxarır. İçkiyə alışdım. Sonra küçə həyatında xoşa gəlməyən hadisələr yaşadım. Çox qorxurdum, amma getməyə yerim, sığınmağa adamım yox idi. Artıq evdəkilərin də üzünə çıxa bilmirdim. Taksokamanlık, narkomaniya hər şeylə üzləşmişdim. Siqaretə də başlamışdım. Elə bil ki, pulunu havaya uçurdursan. İki aydır, o həyatdan uzaqlaşmışam. Burada yaxşıdır. Adam nə qədər o dostun, bu dostun qapısında qalar?”
Şərti olaraq, Nərgiz adlandırdığımız xanım rayonda yaşayan anasının yanına qayıtmaq istəmir. Çünki həyat yoldaşı da, onun qohumları da ordadır. İndi artıq istəyi Bakıda qalıb bundan sonrakı həyatını normal yaşamaqdır. Özünün dediyinə görə, ayrılandan sonra onu axtaran da olmayıb. Keçmiş ərinin və onun dostunun sözü ilə ailəsi də onu taleyin ümidinə buraxıb.
Psixoloq Kənan Rəhimov deyir ki, problemlərdən çıxış yolu tapmayanda, siqaret başda olmaqla, bütün pis vərdişlər insana çıxış yolu kimi görünür. Psixoloqun fikrincə, siqaret və digər pis vərdişlərdən azad olub yeni həyata başlamaq insanın öz əlindədir.
“Məsələn, insan siqareti götürüb kənara qoyar və bir günün içində qərar verə bilər ki, bunu eləmirəm. Vəssalam”.
Hər şeydən, hətta pis vərdişlərdən də nə öyrənmək lazımdır.
“Hadisə baş veribsə, deməli, ondan ibrət dərsi götürmək lazımdır. Həyata fəlsəfə məktəbi kimi yanaşmaq təbliğ olunsa, intiharların, siqaretin və digər zərərli vərdişlərin də aradan qalxması mümkündür”.
Biz də ümid edirik ki, baş verənlər təkcə Nərgizə yox, hər kəs ibrət dərsi olacaq və 20 yaşında həyatın hər üzünü görən Nərgizin də həyatı dəyişəcək. Əks halda, böyük təhlükələr də qaçılmaz ola bilər.
Jalə Mütəllibova, APA TV