.
“Bələdiyyələr tərəfindən torpaq sahələrinin satılması barədə bir dəfə də olsun hərrac və ya müsabiqə keçirilməsi təşəbbüsü olmayıb. Lent.az-ın məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov bildirib. Onun sözlərinə görə, bələdiyyələr tərəfindən yalnız torpaqların bilavasitə satılmasına üstünlük verilib ki, bu da nəticədə torpaq sahəsinin fiziki və hüquqi şəxslərə ayrılması zamanı şəffaflığa zəmin yaratmayıb və eyni zamanda torpaq əldə etmək arzusunda olan şəxslər arasında bərabər hüquqi imkanlar yaratmayıb: “Bütün bunlar isə öz növbəsində korrupsiyaya gətirib çıxara bilən bəzi halların yaranmasına zəmin yaradıb”.
Q. Məmmədov onu da vurğulayıb ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrində yaratdığı torpaq hərrac və müsabiqə komissiyalarının 5 nəfər tərkibinin hamısının Komitənin əməkdaşlarından ibarət olması nəzərdə tutulmuşdu: “Lakin mənim təşəbbüsümlə komissiyanın yalnız 2 nəfəri Komitənin həmin şöbələrdə çalışan əməkdaşları olub. Komissiyanın qalan 3 üzvündən biri ictimaiyyətin nümayəndəsi, biri bələdiyyə assosiasiyasının üzvü və biri isə yerli icra hakimiyyətinin nümayəndəsidir”.
Komitə sədri onu da vurğulayıb ki, Komitəyə həvalə edilmiş torpaq müsabiqə və hərraclarının təşkilatçısı səlahiyyətinə uyğun olaraq bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac ( o cümlədən 8 min 926 müsabiqə və 1169 hərrac) təşkil olunub: “İndiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmayıb. Bu məzmunlu şikayətlərin olmaması halı prezident İlham Əliyevin tapşırığına əsasən tərəfimdən ölkənin regionları üzrə vətəndaşların qəbulu zamanı bir daha öz təsdiqini tapıb”.