Kəskin bağırsaq infeksiyalı xəstələr vəbaya görə müayinədən keçirilir
26 sentyabr 2013 13:44 (UTC +04:00)

Kəskin bağırsaq infeksiyalı xəstələr vəbaya görə müayinədən keçirilir

 

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, artıq vəba İranın 10 əyalətində qeydə alınıb. İranda bu təhlükəli xəstəliyə yoluxanların sayının 175 nəfərə çatdığı bildirilir. Ölkəmiz İranla həmsərhəd olduğundan, vəba təhlükəsi  hər an Azərbaycanı da təhdid edir. Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov Azərbaycan üçün vəba təhlükəsinin olmadığını, ölkəmizdə bu təhlükəli, infeksion xəstəliyə qarşı profilaktik tədbirlərin davam etdiyini söyləyib. M. Cahanov bildirib ki, İranda vəba əsasən bu ölkənin Əfqanıstana həmsərhəd əyalətlərində yayılıb: "Yəni xəstəliyin yayıldığı əyalətlər Azərbaycana yaxın deyil. Üstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də İranda vəbanın yayıldığı barədə Azərbaycan Səhiyyə Nazirliyinə rəsmi heç bir məlumat daxil olmayıb. Bununla belə Azərbaycanda Taun Əleyhinə Stansiyanın laboratoriyasında, eləcə də 5 rayonda yaradılmış stansiyalarında profilaktik tədbirlər həyata keçirilir. Açıq su mənbələrindən su nümunələri götürülərək yoxlanılmaqla yanaşı, kəskin bağırsaq infeksiyası olan xəstələr də vəbaya görə müayinədən keçirilir. İndiyədək götürülən labarator müayinələr zamanı vəba törədicilərinin, vəba vibrionlarının aşkarlanması faktı qeydə alınmayıb. Ölkəmizdə vəba ilə bağlı vəziyyət stabildir”.

M. Cahanov eləcə də, İranla sərhəd keçid məntəqələrində sərhədi keçənlərin bu təhlükəli xəstəliyə qarşı sorğu-sual edildiyini söylədi: "Bəziləri deyir ki, İran-Azərbaycan sərhədini keçənlər vəbaya görə tibbi müayinələrdən keçmirlər. Qeyd edim ki, bu sərhədi keçənlərin hər biri vəbaya görə sorğu-sual olunur.   Vəba elə xəstəlikdir ki, onun gizli dövrü çox qısa müddət çəkir - minimum 1, maksimum 5 saata xəstəlik öz təsirlərini hiss etdirir. Ona görə də sərhədi səhər keçib axşam Azərbaycana qayıdanların bu təhlükəli xəstəliyə yoluxub-yoluxmadığını sorğu-sualla da üzə çıxartmaq mümkündür”.  (mövqe.az)   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Oxşar yazılar