Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İkramullah Mehsudu qəbul edib. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti səfirin diqqətinə çatdırılıb.
Nazir Pakistanın Bəluçistan əyaləti yaxınlığında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirə başsağlığı verib və zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin aparılması və digər yardımların göstərilməsini təklif edib.
Öz növbəsində, səfir Fövqəladə Hallar Nazirliyi tərəfindən yardımın göstərilməsi təklifini yüksək qiymətləndirib. O, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini də vurğulayıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.