Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinatoru Vladimir Fekete ilə görüşüb. Lent.az-ın məlumatına görə,
Dövlət müşavirliyi xidmətindən AzərTAc-a bildiriblər ki, Bakı şəhərindəki iki sinaqoqda və Müqəddəs Məryəm Ana katolik kilsəsində baş tutan görüşlər zamanı dövlət müşaviri icmadaxili vəziyyətlə yaxından tanış olub, ölkədə dövlət-din münasibətləri və etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, hazırda bütün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin mehriban dostluq və qardaşlıq münasibətləri şəraitində yaşadığı və fəaliyyət göstərdiyi nadir məkandır. Dövlət müşaviri sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində, eyni zamanda, cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin qorunub saxlanmasında Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulayıb. K. Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli dövləti fəaliyyəti barədə danışıb. O, dövlət başçısının himayəsi ilə son illər ənənəvi olaraq Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumların xalqlar və dinlər arasında sülhün, qarşılıqlı etimadın və mədəni-mənəvi əməkdaşlığın yaradılması işində əhəmiyyətindən bəhs edib.
Dini icma rəhbərləri Azərbaycanda etiqad və vicdan azadlığının beynəlxalq normalara uyğun təmin olunduğunu bildirib, dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Azərbaycan dövlətinə və prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.