Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
30 iyul 2014 16:45 (UTC +04:00)

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

 

 

İyulun 31-də jurnalistika ixtisasına daxil olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanında 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçib və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. 

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə yəni Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq. 

İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq. 

Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. 

Abituriyentlər bakalavr səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. 

İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010
avatar

Səlcuq Elçin

Oxşar yazılar