İyulun 3-də Əmlak Məsələləri Dövlət Komitətəsi ilk hərracı baş tutacaq. Komitədən Lent.az-a verilən məlumata görə, hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.
Hərraca 105 dövlət əmlakının çıxarılması, investorların seçim imkanının geniş olacağını göstərir. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”-dır. Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.
Xatırladaq ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, Komitənin rəsmi saytı(emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və Komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac isə 5 iyunun keçiriləcək. Bu hərraca isə 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.