“Aygün Şahmalıyeva”. Dəyərli oxucum, bu ad sənə tanış gəldimi? İndi bəlkə də sən düşünürsən ki, axı bu Aygün kimdir? Biz onu niyə tanımalıyıq? Əvvəla, bunu söyləməliyəm ki, Aygün sevgilisindən yeni ayrıldığı üçün efirdə ağlayıb bahalı maşınına klip çəkdirən şou-biznes əhli deyil. Hə, Aygünün adı hansısa icazəsiz aksiyada saxlanılmış gənc aktivistlər sırasında da yer almır. Şahmalıyeva Aygün Zirəddin qızı nə tanınmış yazıçıdır, nə məşhur alimdir, nə də ki nüfuzlu biznesmen! Aygün 2 il öncə uzaq bir məmləkət kəndində ermənilərin Tovuz çayına buraxdıqları bombalı oyuncaq ilə oynayarkən dünyasının dəyişmiş azərbaycanlı qız uşağıdır. Bığ yeri yenicə tərləməyə başlamış qardaşımla eyni sənədə - 1998-ci ildə dünyaya gəlmiş bu qızcığaz həmişə eyni yaşda qalacaq. Heç bir zaman gənc olmayacaq. O, ali məktəbi qazanmaq sevincini dada bilməyəcək. Aygün üçün evlərinə elçi gəlməyəcək. Ölüm Aygünün əlindən zalım oyuncağı və onun gəncliyini aldı.
Dünən cümə günü idi. Əjdərbəy məscidində vətənə gəldikdən sonra ilk cümə namazını qıldım. Namazdan sonra məscidin bir kənarında əyləşmişdim ki, hıçqırıq səslərini eşitdim və arxaya çönüb göz yaşları ilə Allaha yalvaran yeniyetməni gördüm. Dua eləyirdi: “Allah, gözəl Allah! Sən varsan. Məmləkətimi qoru, Qarabağı azad elə. Ay Allah, mənə Abdal Gülablını görməyi nəsib elə! Səni ad verirəm Seyid Lazım Ağanın cəddinə tezliklə evimizə qayıtmağımıza kömək ol! Atam xəstədir, o, yazıqdır, Ağdamı görməmiş atamın canını alma, ay Allah!”
Tüklərim biz-biz oldu. Nədənsə ani olaraq, öncə erməni snayperi ilə vurulmuş 9 yaşlı Fariz Bədəlovu, sonra isə Aygün Şahmalıyevanı xatırladım. Onların sülh zamanında itkin düşmüş gəncliklərinin şərəfinə doldu gözlərim. Amma ağlamadım, ağlaya bilmədim.
Bu gün gənclər günüdür. Axşam “Buta Palace”da istedadlı və bacarıqlı gənclərin Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırma mərasimi keçiriləcək. Mən də orada olacağam. İnşallah, mənə də ödül verəcəklər. Mən bir zamanlar xocalılı şəhid ailəsinin yaşadığı bir otaqlı evimizdə şükür səcdəsinə qapanacağam. Deyəcəyəm ki, Aygün, Fariz, Gənclər gününüz mübarək olsun! Sizi, yaralarınızı çox istəyirəm. Siz də məni istəyin. Aygün, Allah mənə bacı verməyib. Gəl, bacım ol! Gəlin...
Hə, mən bilirəm ki, işığın yoxluğu gözlərin kor olması demək deyil. Mən anlayıram, insan bir müddət sonra qaranlığa da alışır, işığın ölümündə belə rəngləri seçə bilir. Görürəm, üfüqdə göy qurşağı var. Azərbaycan adlı məmləkət var olduqca, himnimiz və əzanımız səsləndikcə bütün ölü uşaqların gənclikləri həmin rəngli qurşağın üzərində zühur edəcək. Bir gün həmin Abdal Gülablıdan olan yeniyetmə Ağdamda atasının üzündən öpüb onu yuxudan durğuzacaq: “Ata, göyə bax, gör necə də gözəldir!”