Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
DİM-dən Lent.az-a verilən məlumata görə, iclasın gündəliyi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.
Sədr Məleykə Abbaszadə ilk məsələyə dair qeyd edib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır”.
M.Abbaszadə Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verərək bildirib ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi gözlənilir.
Daha sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verib.
İclasda DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə Şura üzvlərinə məlumat verilib. Bildirilib ki, hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq.
İclas iştirakçılarının nəzərinə yeni işıq üzü görmüş “AZƏRBAYCAN DİLİ” və “RUSSKİY ƏZIK” fənləri üzrə vəsaitlər də təqdim edilib. Qeyd olunub ki, vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir.
İclasda digər cari məsələlər də müzakirə edilib.