İyulun 5-dən havanın temperaturunun yenidən aşağı düşəcəyi gözlənilir. Xatırladaq ki, bir neçə gün əvvəl də ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən temperatur 7-8 dərəcə aşağı düşmüşdü. Havanın bir müddət həddən artıq isti keçməsi, sonradan temperaturun kəskin aşağı düşməsi iqlim dəyişikliyi ilə izah olunur. Ümumiyyətlə, belə hava şəraiti Azərbaycanda daha əvvələr müşahidə olunubmu və bunun meyvə-tərəvəzin məhsuldarlığına mənfi təsiri varmı?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aqrar sahə üzrə fəlsəfə doktoru Ənvər Əliyev Lent.az-a bildirib ki, son günlər müşahidə edilən hava şəraiti iqlim dəyişkənliyi deyil. Belə ki, yayın ortasında havanın birdən-birə soyuması tarixdə hər zaman olub: “Vaxtilə deyirdilər ki, mənim atam yayda qar yağan ildə doğulub. Bəzən deyirlər ki, daşqın, soyuqlar olan ili doğulub və s. Əslində biz elə bir zonada yaşayırıq ki, buranın iqlimi həddən artıq oynaqdır. Mülayim iqlim qurşağı ilə subtropik iqlim qurşağının toqquşma xəttindəyik. Bizim ərazimizin təxminən yarıya qədəri mülayim qurşağa aiddir. Yarıdan bir az artığı subtropik iqlimə aiddir. Yəni eyni iqlim şəraitinin uzun müddət davam etdiyi monoton iqlimli yerlərlərdən fərqli olaraq oynaq iqlimdir”.
Ə.Əliyev bildirib ki, bir dəfə havanın soyuması, yağışın, qarın yağması ilə iqlim dəyişkənliyindən danışmaq doğru deyil: “İqlim dəyişkənliyi ilə bağlı proqnozlar yüz illər ərzində hazırlanır. Soyuq hava kütlələri daxil olanda - may ayında Azərbaycanın bəzi rayonlarına qar yağıb. Yaxud, əksinə bəzən Lənkərana, Naftalana qar, yayın ən isti vaxtında Kürdəmirdə leysan yağır. Bu dəyişkənliklər lokal xarakter daşıyır. Əsas dəyişikliklər minilliklər ərzində qeydə alınır. Ona görə bunu iqlimin dəyişikliyi kimi yox, şıltaqlığı kimi qəbul etmək lazımdırr”.
Havanın kəskin dəyişməsinin meyvələrə vuracağı ziyana gəlincə, alim qeyd edib ki, ümumiyyətlə, ağaclar bir il çox güclü meyvə gətirəndə növbəti ildə məhsul azalır: “Məsələn, əvvələr alma ağacları bir il gətirirdi, növbəti il meyvə vermirdi. Amma sonra təlabat artdığından meyvə ağacları sortlaşdırıldı və daha çox meyvə əldə edilməyə başlandı. Bu il meyvələr keçənilki ilə müqayisədə az gətirib. Bu, meyvələrin bioloji xüsusiyyətindən asılıdır. Hazırda meyvə ağaclarının elə bir dövrüdür ki, ciddi təbiət hadisələrini çıxmaq şərtilə, havanın soyuması, külək əsməsi məhsuldarlığa təsirsiz ötüşür.