Sığorta şəhadətnaməsinin olmamasına görə nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması qanunda nəzərdə tutulmur
Son günlər icbari sığorta şəhadətnaməsi olmadığına görə avtomobilin cərimə meydançasına (mühafizə olunan duracağa) aparılmalı olduğuna dair söz-söhbət eşidilməkdədir. Lent.az-ın avtosfer.az-a istinadən verdiyi məlumat görə, belə söhbətlərin yayılmasının səbəbi isə qanunvericiliyimizdə olan müəyyən müddəaların yanlış təfsir edilməsi ola bilər. Məsələ belədir; «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsi nəqliyyat vasitəsini idarə edən sürücünün özündə saxlamalı olduğu sənədlərin siyahısını müəyyən edir. Həmin sənədlərdən biri nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsidir. Yəni yola çıxan hər bir sürücüdə idarə etdiyi avtomobillə bağlı mülki məsuliyyətinin icbari sığortasının şəhadətnaməsi də olmalıdır. Bundan başqa, qanunvericilik icbari sığorta şəhadətnaməsi olmadan nəqliyyat vasitələrinin ilkin və təkrar qeydiyyata alınmasını, habelə texniki baxışdan keçirilməsini qadağan edir. Sürücünün hansı sənədləri olmadıqda nəqliyyat vasitəsinin cərimə meydançasına (mühafizə olunan duracağa) aparılmalı olduğuna isə İnzibati Xətalar Məcəlləsinin 406.1-ci maddəsi aydınlıq gətirir. Məcəllənin 406.1.1-ci maddəsində deyilir ki, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda sürücü nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılır və bu məsələni 3 saat müddətində yerində həll etmək mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılır. Eşitdiyimə görə yanlışlıq yaradan məsələ bu normadakı «həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda» ifadəsidir. Amma bu ifadədə heç bir yanlışlıq yoxdur və onun mənası tam aydındır. Burada söhbət nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasportu) başqa şəxsin adına olduqda sürücünün həmin nəqliyyat vasitəsinə sahibliyini təsdiq edən sənəddən (və ya başqa əsasdan) gedir. Belə sənəd (əsas) qismində isə mövcud təcrübə 4 variantı tanıyır:
1. Sürücünün adına verilmiş olan etibarnamə;
2. Sürücü ilə bağlanmış (nəqliyyat vasitəsinə dair) icarə müqaviləsi;
3. Sürücü əmək kontraktı əsasında şirkətə və ya fərdi sahibkara aid nəqliyyat vasitəsini idarə etdikdə ona verilmiş yol vərəqəsi;
4. Qeydiyyat şəhadətnaməsi adına olan şəxsin nəqliyyat vasitəsində olması (el arasında buna «canlı etibarnamə» də deyilir).
Qeyd olunan 4 əsasdan biri mövcud olmazsa və qeydiyyat şəhadətnaməsi (texpasport) sürücünün adına olmazsa, belə halda nəqliyyat vasitəsi cərimə meydançasına (mühafizə olunan duracağa) aparıla bilər. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsində icbari sığorta şəhadətnaməsinin olmamasını avtomobilin cərimə meydançasına (mühafizə olunan duracağa) aparılmasının əsası kimi başa düşməyə imkan verən hər hansı müddəa yoxdur. Əgər kimsə sığorta şəhadətnaməsi olmadığına görə bunu edərsə, bu, qanunsuz olacaq. Amma dünyanın əksər ölkələrində nəqliyyat vasitəsinin istifadəsinin yolverilməz olduğu hallardan biri məhz icbari sığorta şəhadətnaməsinin olmamasıdır.
Qeyd etmək istəyirəm ki, bizim qanunvericilikdə də bunun ilkin əsası var. «Yol hərəkəti haqqında» Qanunun 14-cü maddəsində sahibinin mülki məsuliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş olması nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılması şərtlərindən biridir. Buna görə də yaxın gələcəkdə sığorta şəhadətnaməsinin olmaması səbəbindən nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə dair qanunvericiliyə birbaşa dəyişiklik olunacağı istisna edilmir. Bir daha vurğulamaq istəyirəm ki, hazırda qüvvədə olan qanunvericilik nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin olmaması səbəbindən həmin nəqliyyat vasitəsinin cərimə meydançasına (mühafizə olunan duracağa) aparılmasını nə birbaşa, nə də dolayısı ilə nəzərdə tutmur. Buna heç bir halda yol verilə bilməz.