Hakimlər tərcümeyi-hallarının bu sistemdə yerləşdirilməsinə etiraz edib
01 oktyabr 2019 11:35 (UTC +04:00)

Hakimlər tərcümeyi-hallarının bu sistemdə yerləşdirilməsinə etiraz edib

 
“Media ilə məhkəmə sistemi arasında münasibətlərin tənzimlənməsində problemimiz var”.
 
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov bildirib.
 
R.Qurbanov deyib ki, media vasitəsi ilə hakimlərə müəyyən təsirlər olur: “Halbuki bunu etmək olmaz. Biz bütün hakimlərin tərcümeyi-halını və şəkillərini elektron məhkəmə sistemi ilə əlaqədar saytda yerləşdirdik. Bütün hakimlər zəng vurub deyirlər ki, bizim şəkillərimizi yığışdırın. Assosiasiyada səsvermə keçirdik, hakimlərin 90 faizi bunun yığışdırılmasına səs verdi. Səbəb nədir? Ola bilər ki, haradasa hakimlərin də bu vəziyyətin yaranmasında müəyyən rolu var. Çünki cəmiyyətdə qarşılıqlı inam olsa, hakimlərin şəkilləri bu qaydada sosial şəbəkələrdə yerləşdirilməz. Media üçün məhkəmə adi dövlət qurumu deyil, burada xüsusi tənzimləmə olmalıdır. Etika məsələlərinə xüsusi diqqət yetirilməlidir. Biz bu gün məhkəmə prosesi ilə bağlı audio və videonu elektron məhkəmə sistemi vasitəsi ilə açıq təqdim etsək, siz oradan daxil olub istənilən audio və videonu götürsəniz, biz bilmirik ki, bu, hansı nəticəyə gətirib çıxaracaq. Ancaq proses iştirakçısı məhkəmə zalında həmin audio və videonu dinləyə bilər. Məhkəmə prosesinin iştirakçısının elektron kabinetindən birbaşa protokolu götürməsinə də hələ hazır deyilik. Necə təminat vermək olar ki, məhkəmə prosesinin iştirakçısı həmin protokolu götürüb ondan sui-istifadə etməz? Necə təmin etmək olar ki, hakimə qarşı etika pozulmasın? Amma məhkəmə zalında biz bunu edirik. Tutaq ki, məhkəmə prosesində ən böyük narazılıq nədir? Vəsatət verilir, hakim təmin etmir. Biz həmin görüntünü açırıq, baxır. Hakim məhkəmə prosesinin iştirakçısına həmin şəraiti yaratmamaqdan qorxur. Çünki dərhal Məhkəmə-Hüquq Şurasına şikayət olacaq ki, belə şərait yaradılmır. Burada qanunvericiliyin inkişafı ilə bərabər cəmiyyətin inkişafı məsələsi var. Ola bilər ki, hakimlər səhv edirlər. Amma bu o demək deyil ki, hakimləri tənqid obyektinə çevirəsən. Hakim adi dövlət məmuru deyil. Hakim digər hüquq-mühafizə orqanlarından nə ilə fərqlənir? Prokuror qanundan kənara çıxa bilməz. Hakimlərdə isə daxili inam anlayışı var. Yəni mən görürəm ki, ekspertiza sizin evinizi 50 min manat qiymətləndirib, amma hakim kimi mən görürəm ki, bu, 300 min manatlıq evdir. Yəni ekspert məni inandıra bilməyib. Bu gün hakimlərin çoxu nə edir? Deyir ki, ekspert belə yazıb, elə bu qaydada da həll edəcəm. Mən bir vergi işində bununla bağlı bəraət verdim. Mərdəkanda 18 villa tikilmişdi. Hakim özünü məhdudlaşdırmamalıdır. Bəli, bu gün ekspertizada məhdudiyyət var, bizim əl-qolumuzu bağlayıblar, ancaq ekspertin rəyi ilə hərəkət etməliyik. Amma mən hesab edirəm ki, özünə hörmət edən hakim daxili inama arxalanıb qərar verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar