Hadi Rəcəbli Lent.az-a yazır: Sağlam gələcəyimizin təminatı
12 fevral 2013 17:26 (UTC +04:00)

Hadi Rəcəbli Lent.az-a yazır: Sağlam gələcəyimizin təminatı

Uşaqlar gələcəyimizdir, hər bir valideyn övladlarının sağlam böyüməsini arzulayır. Ancaq bu məsələyə sistemli yanaşmamaq bəzən ciddi problemlərə yol açır. Məsələn, görürsən, uşağa soyuq dəyir, burnu axır, valideyn bunu ciddi problem saymayaraq diqqət yetirmir, nəticədə onun ağ ciyəri xəstələnir. Bu, geniş yayılmış xəstəliklərdəndir. Yaxud üç yaşa qədər uşaqların bədəni səpir, valideynlər bilməməzliyi üzündən uşaqların qulağı tutulur. Ümumiyyətlə, təcrübə göstərir ki, üç yaşa qədər uşaqlarda əlillik daha çox ola bilər. Bu baxımdan, burada ən ciddi məsələ ana südü ilə qidalanmağa nail olmaqdır. Ona nail ola bilsək, bir sıra xəstəliklərin qabağını alarıq. Ancaq atmalı olduğumuz digər addımlar da var.

 

Uşaqların sağlam gələcəyini təmin edəcək addım

 

Möhtərəm Prezidentimiz İlham Əliyev bir neçə müalicə-diaqnostik mərkəzinin açılışlarında belə bir fikir səsləndirib ki, Azərbaycan vətəndaşları ən azı ildə bir dəfə dispanserizasiyadan keçməlidir. Bu, dünyada qəbul olunmuş bir sistemdir. Sovet dönəmində də buna oxşar məsələlər var idi. Bütün bunlar sosial dövlətin göstəriciləridir. Artıq Prezidentimizin təşəbbüsü ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ortaya qoyulub. “0” yaşdan 18 yaşa qədər uşaq yaşı hesab olunur. Azərbaycan da uşaqlar təxminən əhalinin yarısını təşkil edir. İlk addım olaraq əhalinin  yarıbayarı  hissəsinin – gələcəyimiz olan uşaqların dispanserizasiyası, sağlamlığı bu gün vəzifə olaraq qarşıya qoyulubsa, demək, biz sabahımızı indidən təmin edirik. Məqsəd də  ölüm səviyyəsinin azaldılması, uzaqların xəstəlikdən qorunması, gələcəyimizin bünövrəsinin yaxşı qoyulması, bu iş planlı, kompleks şəkildə həyata keçirilməsidir. Söhbət həm də müalicə - sağlamlıq tədbirlərinin diferensiallaşdırılmasından gedir. Biz qan analizi üçün buradan dünyanın o başına gedirik. Ancaq bu qanunun qəbulundan sonra uşaqlarımızın qanının analizi əlimiz altında olacaq və biləcəyik ki, hansı xəstəliklər var. Sonra həmin uşaqların valideynləri də biləcək və onun müalicəsi ilə məşğul olacaq. Cəmiyyət də, hökumət də  biləcək və uşağın müalicəsi diqqət mərkəzində olacaq.

 

Dövlətin vəzifəsi və maarifləndirmənin önəmi

 

Bu məsələdə dövlətin üzərinə düşən vəzifələrindən birincisi odur ki, dövlət dispanserizasiyanın qaydasını müəyyənləşdirəcək. Yəni müəyyənləşdiriləcək ki, uşaqların icbari dispanserizasiyası harada, məsələn, məktəbdə, poliklinikada aparılacaq və ya  necə olacaq. İlk növbədə bu qaydalar müəyyən edilməsindən söhbət gedir. Başqa sözlə, dövlət tədbirləri təşkil edir, yüksək keyfiyyətinə təminat verir, vaxtında həyata keçirilməsini təmin edir. İldə bir dəfə demişik, ildə bir dəfə olsun. Sonra müayinələrin keçirilməsi gəlir. Vacib məsələlərdən biri bu məlumatların xüsusi kompüter bazasında yığılmasıdır. Bu da informasiya mərkəzinin yaradılması deməkdir. Uçotun aparılması da  burada çox diqqət kəsb edir. Uşağın “kartoçka”sı ayrılır, burada onun ilbəil müayinələrinin göstəriciləri  olur. Bu, özü xeyli dərəcədə  həkimlərin imkanlarını təmin edir, yəni,  həkimlərin də işi rahatlaşır. Dövlət təminatı nədən ibarətdir? Bütün bu işlər beynəlxalq tələblərə uyğun aparılır və keyfiyyətə dövlət cavab verir. Sonra burada uşaqların reyestri yaradılır, dispensarizasiya reyestri bayaq dediyim məsələdir. Dövlət  büdcəsi hesabına güclü maddi-texniki bazası yaradılır. Tutaq ki, Lerikdə filan dərman yoxdur, filan yoxdur, bunların hamısı maddi-texniki baza vasitəsi ilə təmin edilir. Beləliklə, hər il uşaqların sağlamlıq vəziyyəti ümumiləşir, qiymətləndirilir. Bununla bağlı ardıcıl olaraq aşkar edilən xəstəliklərə qarşı mübarizə aparılır. Elə xəstəliklər var ki, onlar gərək uçota alınsın. Buraya ciyər xəstəlikləri, yayılan xəstəliklər və başqaları aiddir, onlar  dəqiq uçota götürülür. Dövlət bu dispensarizasiyada ən yaxşı mütəxəssis həkimlərin cəlb olunmasını təşkil edir. Eyni zamanda dövlət uçot və qeydiyyata nəzarət edir, sonra riskli xəstəliklərin, xəstələrin ayrılması, müəyyənləşdirilməsi və xəstəxanalara yerləşdirilməsini dövlət təmin edir. Bununla bərabər, beynəlxalq əməkdaşlığı dövlət təmin edir, bu da dövlətin bilavasitə funksiyalarındandır. Dispanzerizasiyanın təşkili, həyata keçirilməsi yenə də dövlətin, dövlət müəssisələrinin, vətəndaşların, ictimai birliklərin, hamısının köməyi ilə birgə reallaşdırılır, göstəricilər kartlara yazılır, kompüterə köçürülür, sonradan istifadə olunur. Bir sözlə, burada əsas məqsəd uşağın xəstəliyini müəyyənləşdirmək, uşağın fiziki sağlamlıq durumunu öyrənmək və bununla əlaqədar olaraq tədbirlər görməkdir. Eyni zamanda dövlətin, vətəndaşın vəzifələri müəyyənləşdirilir, müəssisənin vəzifəsi müəyyənləşdirilir.

 

Dispanserizasiya ilə bağlı maarifləndirmə işinin təşkili də xüsusi önəm kəsb edir. Möhtərəm Prezidentimiz də bu haqda iki ildir deyir, amma konkret addımların atılmasına təşəbbüs bizim tərəfimizdən hələ də yoxdur. Maarifləndirmə çox böyük əhəmiyyət kəsb edir. Bu işdə uşaq müəssisələrinin hər biri iştirak etməlidir. Qeyri-hökumət təşkilatları burada fəal iştirak etməlidir və elə olmalıdır ki, biz də bu iş yüksək səviyyədə aparılsın. Bu, dövlətimizin sosial dövlət olduğuna dəlalət edən bir addımdır. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə gələn bir layihə bir daha onu göstərir ki, dövlət uşaqlar haqqında, Azərbaycanın cəmiyyəti haqqında düşünür.

 

İstirahəti təşkil etməyin yolu

 

Biz “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin ardınca digər-bir qanun layihəsi hazırlayırıq. Bu, “Uşaqların asudə vaxtının təşkili haqqında” qanun layihəsidir. Uşaqlar idmanla məşğul olmalıdır. Asudə vaxtında uşaq əgər kompüterə yapışırsa, mütləq onun gözündə problem olacaq. O, kompüterdən ayrılmalı, kompüterdən istifadənin faizi aşağı endirilməlidir. Bu qanun da artıq uşaqların asudə vaxtının təşkili və sağlamlığının qorunması ilə bağlı olacaq. İllərlə bizdə pioner düşərgələri olub, şəhərdə yaşayan uşaqların heç olmasa, bir həftə kənd yerində, dağ havasında nəfəs almasını təşkil etməliyik.  Bu günləri bizdə düşərgələr yaradılır, amma uşaqlar üçün yaradılmır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da  minnətdarıq ki, bu qurum da bizim uşaqlar üçün vəsait ayrılmasının tərəfdarıdır. Düşünürəm ki, uşaqların istirahət düşərgəsinə getməsi üçün, uşaq  mərkəzlərinə getməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına vəsait ayrılmalıdır. Bunu qışda da etmək olar. Dünyada belə qəbul olunub. Görürsən ki, uşaqlar qışda da, yayda da düşərgələrə gedirlər. Bilmirəm ki, u gün nədənsə  Təhsil Nazirliyi qadağan edib, müəllimlər uşaqları aparmağa qorxurlar. Birdən avtobus qəza edər, nə bilim nə olar. Onda gərək heç bir şey etməyəsən. Şəhərin özündə də qəza olur. Bu uşaqların yığılıb bu cür ezamiyyətə, istirahətə getməsi çox vacibdir ki, kənd evlərində, digər yerlərdə qalsınlar bir yerdə gecə yatsınlar, səhər gəlsinlər, axşam qayıtsınlar. Çünki bu, uşaqların dünyagörüşünə də, sağlamlığına da  müsbət təsir edir, asudə vaxtını da doldurur. Uşaq evdə qalsa, həmin o iki günü kompüterdən ayrılmayacaq. Mən görürəm yayda  bəzi ailələr  Almaniyaya, İngiltərəyə uşaqlarını istirahətə göndərirlər. Niyə bizim öz rayonlarımıza getməsinlər? Bu baxımdan, uşaqların asudə vaxtının təşkili və sağlamlığının qorunması çox mühüm məsələdir.

 

Beləliklə, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunu qəbul etməklə uşaqları dispenzariyasiya edəcəyik. Bildik bu xəstədir, sağlamlığını qorumalıyıq və bunun profilaktik tədbirləri də var. Bu da idmandı, bu da təmiz havadı. Gedib kənd yerində hava almaq, ekoloji təmiz ərzaq  yemək tamam başqa məsələdir. Bu gün uşaqlarımız nə yeyirlər? Pitsa, ketçup, fistfud, çipsi yeyirlər. Bunlar hamısı ziyanlıdır. Amma kəndə gedəndə elə oradaca inəyin südünü sağıb ona bir stəkan o süddən versən, onun bütün yediklərinə dəyər. Bütün bunlar hamısı kəndə inteqrasiya ilə bağlıdır. Uşaqlarımızın kəndə getməsi  vacib məsələdir və bunun üçün həftə sonundan istifadə edək. Dünyaya baxın, kinolara baxın, həftə sonu hamı uşaqlarını yığırlar avtobusa gedirlər. Bütün məktəb uşaqlarını avtobuslar daşıyırlar. Baxın bütün dünyada məktəb avtobusları var. Türkiyədə də var onlardan. Taşıtım deyirlər onlara –  okul taşıtımı. Okul taşıtımları uşaqları məktəbə daşıyırlar. Burada nə qədər fəlakətli iş var ki? Bir dəfə də okul taşıtımı səni daşısın İsmayıllıya, daşısın Qəbələyə, daşısın Lənkərana. Uşaqlara nəzarət üçün müəllim, seçmə valideyn qrupu, ya da valideyn-uşaq qrupu getsin. Avtobusun yarısı valideyn olsun, yarısı uşaq. Bu gün həm turizmin inkişafı baxımından, həm uşaqlarda ekologiyaya bağlılıq baxımından bunu etmək çox vacibdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar