Hacıqabul gölünün bərpası barədə təkliflər hökumətə təqdim edilib
25 iyun 2013 16:31 (UTC +04:00)

Hacıqabul gölünün bərpası barədə təkliflər hökumətə təqdim edilib

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hacıqabul gölünün bərpasına dəstək” layihəsinin icrası başa çatır.

Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində aprelin 27-də Hacıqabul gölündə yaranmış vəziyyətlə yerində tanış  olmaq üçün İctimai Birliyin və digər gənclər təşkilatlarının üzvü olan gənclərin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, eləcə də  ekoloji mövzularda yazan jurnalistlərin Hacıqabul gölünə ekskursiyası təşkil edilib. Səfər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Hacıqabul balıq” ASC-nin əməkdaşları gölün durumu ilə bağlı məlumat veriblər. Mayın 24-də “Hacıqabul gölünün bərpasına dəstək” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, ekologiya üzrə ixtisaslaşmış QHT-lərin təmsilçilərinin, mütəxəssislər və ekoloji mövzularda yazan  jurnalistlərin iştirakı ilə debat təşkil edilib. Debat zamanı Hacıqabul gölünün 2003-cü ildə  “Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilməsinin də bir çox suallara yol açdığı barədə fikirlər səslənib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi layihə çərçivəsində görülən işlərin nəticəsi olaraq Aran bölgəsində mikroiqlimin formalaşmasında mühüm rol oynayan gölün bərpası ilə bağlı təkliflər hazırlayıb. Bu təkliflər Nazirlər Kabinetinə və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinə ünvanlanıb. Hacıqabul gölü və onun ətraf ərazisində yasaqlığın yaradılmasını ən məqbul variant sayan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin irəli sürdüyü təkliflər aşağıdakılardır:

-  Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilmiş Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatı, statusu müəyyənləşməlidir.

 

- Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması və Şirvan tullantı su təmizləyici qurğuları kompleksi tikilməlidir;

 

- Gölün ətrafında qanunsuz tikilmiş 32 yaşayış evi köçürülməlidir. Yasaqlıq yaradılacağı halda sudan mühafizəsi məqsədi ilə bəndin tikilməsi yox, məhz həmin evlərin köçürülməsi daha məqbuldur;

- Hacıqabul gölünün ətrafında yerləşən torpaqlar inventarlaşdırılmalıdır;

 

- ARDNŞ-in balansında olan  ləğv olunmuş quyular ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməli, göl ərazisindəki kommunikasiya xətlərinin mülkiyyətçilərinin  (nazirlik, təşkilat və s.) gölün bərpası ilə bağlı prosesdə aktiv iştirakı təmin edilməlidir;

 

- Kür çayından gölə su vurulması üçün nasos stansiyası müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulmalı və Hacıqabul gölünü Kür çayının suyu ilə təmin edən beton kanal çəkilməlidir. Hazırda mövcud olan torpaq kanal yuyulma və digər səbəblərdən məqbul deyil;

 

- Yağıntılar zamanı ətraf dağ yamaclarında formalaşan səth sularının gölə axıdılması üçün kanal tikilməlidir; (Təbii proseslərin təmin edilməsi üçün).

- Göl ərazisindəki radioaktiv fonun səviyyəsinin öyrənilməsi, göldə və gölün ətrafında flora və faunanın bərpası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili tədbirlər görməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar