Gənc əlillərin çalışa biləcəyi peşə və ixtisaslarla bağlı təkliflər hazırlanıb
08 may 2013 14:51 (UTC +04:00)

Gənc əlillərin çalışa biləcəyi peşə və ixtisaslarla bağlı təkliflər hazırlanıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə  dəstək” layihəsini həyata keçirir.

Lent.az-ın məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd müasir dövrdə gənc əlillərin çalışa biləcəyi peşə və ixtisasların, sahələrin müəyyənləşdirilməsi, bu sahələrdə əlillərin əmək fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına nail olunması, idarə, müəssisə və təşkilatlar, o cümlədən dövlət qurumlarının gənc əlillərin əmək fəaliyyətində maraqlı olmasının təmin edilməsi, mediada bununla bağlı maarifləndirmə işinin aparılmasıdır.

Bu gün layihə çərçivəsində Milli Məclisin Sosial siyasət komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində müasir dövrdə gənc əlillərin çalışa biləcəyi peşə və ixtisasların, sahələrin müəyyənləşdirilməsi, bu sahələrdə əlillərin əmək fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına nail olunması istiqamətində hazırlanmış ilkin təkliflər QHT təmsilçilərinin və dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə müzakirə edilib. Tədbir Şuşa da daxil olmaqla, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb. Daha sonra  “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin hazırladığı təkliflər təqdim edilib. Bu təkliflər aşağıdakılardır:

- Gənc əlillərin (əlillik dərəcəsi nəzərə alınmaqla) idarə, müəssisə və təşkilatlarda çalışmalarına şəraitin olması üçün idarə, müəssisə və təşkilatların yerləşdikləri bina və qurğularla bağlı milli standartın qəbul edilməsi:

- Əlillərin üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə müəyyən edilən cərimənin miqdarının artırılması;

- Müvafiq icra hakimiyyəti orqanlarının əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin yeni respublika standartlarını hazırlaması;

 

- Gənc əlillərin İKT istiqaməti üzrə orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə, o cümlədən yeni yaradılacaq  İnformasiya Texnologiyaları Univer­si­te­tinə güzəştli qəbuluna şərait yaradılması, İKT üzrə  bilik və hazırlıq səviyyələrinin yüksəldilməsi üçün təkmilləşdirmə kurslarına cəlb edilməsi;

 

- Mobil rabitə şirkətlərinin gənc əlillərin  işə qəbulunda maraqlı olması üçün vətəndaş cəmiyyəti institutları və KİV tərəfindən təbliğati işlərin, maarifləndirmənin aparılması;

 

- Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılan və yaradılması nəzərdə tutulan elektron informasiya resurslarında gənc əlillərin işə cəlb edilməsi;

 

- Qəzet kiosklarında gənc əlillərin çalışmasına şərait yaradılması.

 

Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva və digər QHT təmsilçiləri “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin hazırladığı ilkin təkliflərlə bağlı rəy və tövsiyələrini bildiriblər. Müzakirələr zamanı əlillərin ictimai nəqliyyatdan istifadə zamanı üzləşdikləri problemlərə diqqət çəkilib.

Rəy və tövsiyələr nəzərə alınmaqla, müasir dövrdə gənc əlillərin çalışa biləcəyi peşə və ixtisasların, sahələrin müəyyənləşdirilməsi, bu sahələrdə əlillərin əmək fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına nail olunması istiqamətində hazırlanmış təkliflər müvafiq dövlət qurumlarına təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar