Gələcəyin açarı - TƏƏSSÜRAT
26 noyabr 2013 18:14 (UTC +04:00)

Gələcəyin açarı - TƏƏSSÜRAT

Möhtərəm Prezidentimiz İlham Əliyevin  «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi mərasimində söylədiyi bu fikri xüsusi vurğulamaq istərdik. Dövlət başçısı bildirdi: «Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini «Jurnalistlərin dostu» adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur.»

İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Daim vurğuladığımız kimi, bu günün reallıqlarına düzgün dəyər vermək üçün ötən illərə diqqət yetirməyə, obyektiv təhlil aparmağa böyük zərurət duyulur. 22 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar.  Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider  Heydər Əliyev müstəqil mətbuatın  inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki,  milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

1998-ci ildə mətbuata  dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə  azad, müstəqil KİV-lərin inkişafı üçün geniş  imkanlar açan ulu öndər imzaladığı  sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin,  elektron KİV-lərin, jurnalist qurum və birliklərin,  bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. «Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir» söyləyən ulu öndər Heydər Əliyev  azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu öndər  Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə  2002-ci ildə «RUH»  Azərbaycan Jurnalistləri  Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

«Mətbuat cəmiyyətin güzgüsüdür» çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsil, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki,  heç vaxt, heç bir ləkə bu  güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu  qədər  ədalətsizliyə,  əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü  büruzə verirdi.  Söz, mətbuat azadlığının inkişafına  əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. «Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir» söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı,  mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə  bildirirdi ki,  KİV-lərə qayğı davamlı və sistemlidir.

Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab   İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad  mətbuatın  inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası» buna əyani sübutdur.  İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün  2009-cu ildə  keçirilən  ümumxalq səsverməsi ilə  Milli Konstitusiyada olunan  bəzi əlavə və dəyişikliklərdə  mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti  tərəfindən dəstəkləndi. Həyata keçirilən tədbirlər əsası ulu öndər tərəfindən yaradılan təməl əsasında müəyyənləşdirilir, tətbiq olunur.           

    Ölkə Prezidenti İlham Əliyevin  fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi  də  mətbuatın inkişafına göstərilən diqqət və qayğının  bariz nümunəsidir.  Qeyd etidyimiz kimi, mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə  dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin  mənzil şəraitinin yaxşılaşdırılması,  fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması   və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin  təsdiqidir. Cari ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində  jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda  «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin  gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.

      Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstəridiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin  son on ildə iki dəfə «RUH»  Azərbaycan  Jurnalistləri  Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında  «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi ötən dövr ərzində  mətbuatın inkişafına göstərilən diqqət və qayğıya  media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.

 

XXI əsr  informasiya mübarizəsi əsridir

 

Dövlət başçısı İlham Əliyev qeyd olunan mərasimdə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, XXI əsr  informasiya mübarizəsi əsridir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi,  internetin mövcudluğu  bu mübarizəni daha da kəskinləşdirir. İstər ölkə, istərsə də beynəlxalq  ictimaiyyətin ölkə reallıqları ilə  dolğun məlumatlandırılmasında təbii ki, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur.  Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir.

    İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir.  Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq.  Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik  çəkən dairələr daim ölkəmizə qarşı  qarayaxma kampaniyası aparırlar. Azərbaycanın bəzi dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu  qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanan ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. 9 oktyabr prezident seçkilərini Azərbaycanda demokratik  islahatların təntənəsi kimi dəyərləndirən Qərb və Avropa ölkələrinin müşahidə missiyaları bu fikri xüsusi qeyd etdilər ki, Azərbaycanın seçki təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz seçim hüquqlarından sərbəst istifadə edərək  seçki proseslərinə qatılır, istədikləri namizədə səs verirlər. Vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının  fəaliyyəti üçün normal şərait yaradılıb. Hər bir istiqamət üzrə konkret proqramların qəbulu  inkişafı daha da sürətləndirir. Eyni zamanda cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Sadaladıqlarımız  demokratiyanın vacib elementləri deyilmi? Dövlət başçısı İlham Əliyev mükafatın  təqdim edilməsi mərasimində də Azərbaycanın ayrı-ayrı sahələr üzrə qazandığı uğurlara diqqəti yönəldərək  bu fikri bildirdi ki,  mətbuat bu reallıqları ictimaiyyətə çatdırmaqda  böyük rola malikdir. Təbii ki, informasiya bolluğu təmin edilərsə,  söhbət faktlara əsaslanan informasiyalardan gedir,  bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət  bəzi dairələrin apardığı yalan təbliğata uymaz,  həqiqətlərin təbliğində fəal  mövqe tutaraq,  bu işə  öz dəstəklərini göstərmiş olarlar.

 

«Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur»


 Dövlət başçısı İlham Əliyev  mərasimdə mətbuatın  qarşısında dayanan vəzifələrdən bəhs edərək müstəqilliklə bağlı  mövzulara daha  geniş yer verilməsinin vacibiliyini bildirdi. Azərbaycanın gənc müstəqil dövlət olduğunu qeyd edən Prezident İlham Əliyev  bildirdi ki, buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib.  «Müstəqillik mövzusu  daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır.  Buna da böyük ehtiyac vardır» söyləyən möhtərəm Prezidentimiz onu du bildirdi ki, müstəqillik  sadəcə  dövlət atributları deyildir. Müstəqillik  müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq.  Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə  yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Qeyd etdiyimiz kimi, Azərbaycanın reallıqları  dünya birliyinin diqqətinə çatdırılmalıdır.

Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda  daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının  bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif  baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir.  Hər bir normal cəmiyyətdə  bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun  vətənpərvərlik duyğuları əsasdır.

Qeyd etdiyimiz kimi, bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi dövlətimizin siyasətinin əsasını təşkil edir. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşaiyət olunur ki,  bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayanması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.   Ali qanunumuzda əksini tapan «Dövlətin ali məqsədi» maddəsinə diqqət yetirdikdə də bu diqqət və qayğı özünü qabarıq şəkildə büruzə verir. İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, demokratikləşmə prosesinin sürətləndirilməsinə yönələn davamlı tədbirlər və s. kimi biri-birindən əhəmiyyətli addımlar ölkənin hərtərəfli inkişafında başlıca məqsəd olduğunu açıqlayır. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, iqtisadi göstəricilər yalnız  rəqəmlərdə deyil,  insanların gündəlik həyatında öz əksini tapmalıdır.

İqtisadi tərəqqi, güclü sosial siyasət, xalq-iqtidar birliyi, beynəlxalq dəstək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmliyini, sarsılmazlığını təsdiqləyir.  Bu uğura yol açan əsas amil isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın hər sahədə müstəqil siyasəti uğurlarımızın davamlılığını təmin edir. Bu gün əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycan dövlətinin dəyişməz mövqeyi müstəqil siyasətinə əsaslanır. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz.

22 illik müstəqillik tariximizdə keçilən yola nəzər salıb, düzgün təhlil aparmaq mətbuatın əsas vəzifələrindən biridir. Dövlət başçısı İlham Əliyevin mətbu orqanlara tövsiyələrindən biri də məhz müstəqilliklə bağlı mövzuların gündəlik işimizin olması idi.

 

Azərbaycanın problemləri ölkə daxilində  müzakirə edilməlidir

 

 Hər bir demokratik cəmiyyətdə müxalifətin olması mütləqdir. Amma hər zaman vurğuladığımız kimi söhbət sağlam müxalifətdən gedir.  Müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət yönəltdi: «Azərbaycanın problemləri ölkə daxilində  müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir.»

  Təbii ki, daxili məsələlər ölkə xaricində müzakirə olunanda  fərqli yanaşmaların, rəylərin yaranmasına səbəb olur. Əfsuslar olsun ki, daxildə belə qüvvələr mövcuddur və Azərbaycan haqqında əks təbliğat kampaniyası aparmağı bir növ özləri üçün fəaliyyət istiqaməti seçiblər.  Azərbaycanın hər biri uğuruna qara eynəkdən baxmaq, atılan addımların mahiyyətini azaltmaq üçün müxtəlif yollara əl atmaq həmin ünsürlər üçün vərdişə çevrilib. Artıq ölkə ictimaiyyəti bu kimi halların daha çox hansı ərəfələrdə geniş vüsət almasından xəbərdardır. Təkcə ötən il ölkəmizdə keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində cərəyan edən prosesləri yada salmaq kifayətdir. Həmin qüvvələrin inhisarında olan mətbu orqanlar  Azərbaycanın nüfuzuna xələl gətirmək istiqamətində təbliğat kampaniyalarının sürətini artırmaqla sanki öz aralarında yarış keçirdilər. Amma unutdular ki, dövlət maraqlarına zidd addımların atılması heç kəsə baş ucalığı gətirən deyil. Əksinə bu kimi addımları ilə özlərinə qarşı mənfi rəyi daha da artırır, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə isə əlavə fürsət verirlər. 

Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Dövlət başçısı İlham Əliyev bu tövsiyəsini bildirdi ki,  əgər jurnalistika ilə məşğul olan aparıcı  simalar bu məsələdə də  həmrəylik göstərərlərsə, bu, cəmiyyətimiz üçün də  yaxşı olar.

     Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın  mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir.  Aparılan siyasətlə, ölkənin gələcək inkişafı  ilə bağlı müxtəlif fikirlərin olmasını normal qəbul edən dövlət başçısı İlham Əliyev  bir əsas məqamı unutmamağı da tövsiyə edir: «Ancaq bu məsələdə – dövlət maraqlarımızın  qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı  bizdən asılıdır. Azərbaycan xalqı bu gün  öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında  Azərbaycanın inkişafı  təmin edilir.  Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.»

   Dövlət başçısı İlham Əliyev çıxışında bu fikri dəfələrlə qeyd etdi ki,  media nümayəndələri, iqtidar-müxalifət  məsələləri öz aralarında həll etməlidirlər. Dövlətin mətbuata diqqət və qayğısında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz.  Jurnalistlər üçün mənzillərin bölünməsi bunun bir daha təsdiqi oldu.

 

  Cəmiyyətdə mövcud  olan problemlərlə  bağlı media  daim öz sözünü deməlidir

 

Mətbuat cəmiyyətin güzgüsü kimi dəyərləndirilirsə,  demək problemlərlə bağlı da  öz sözünü deməlidir. Amma yenə də qeyd etmək istərdim ki, yanaşma obyektiv olmalı,  heç bir qərəzə söykənməməlidir. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi,  korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışında bu mövzularda araşdırmaların görülən işlərə  dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə etdi ki,  xoşagəlməz halların sayı  gələcəkdə  ölkəmizin sürətli  və hərtərəfli inkişafı  hesabına azalacaq: «Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə,  demokratik inkişafla, media  azadlıqları ilə  bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir.  Biz bu təcrübədən istifadə edirik və edəcəyik.»

   Uğurlarımız gələcək barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin 22 illik müstəqilik tarixmizdə qazanılan uğurların fonunda  təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bunun təsdiqidir. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlara əsaslanır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, şəffaflıq hər bir sahədə yüksək səviyyədə təmin olunmalıdır.  Mətbuatın əsas vəzifəsi  görülən işləri işıqlandırmaq,  həllini gözləyən məsələləri qabartmaqla onların çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat ikinci hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini  üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.

 

  

     Məqsəd gələcək üçün açardır

 

 Dövlət başçısı İlham Əliyev keçirilən hər bir tədbirdə  ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Daim vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

   «Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna  bir daha  diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Çıxışlarda jurnalistika  fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli kanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı  səslənən təkliflərə  müsbət yanaşdığını qeyd edən möhtərəm Prezidentimiz  onların reallaşdırılması istiqamətində  tədbirlərin görüləcəyini  bildirdi.  Cənab İlham Əliyev  cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhval-ruhiyyənin  təmin edilməsi  üçün xəbər balansının qorunması ilə bağlı  tövsiyələrini çatdırdı: «Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans  gözlənilməlidir, saxlanılmalıdır ki,  Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun.»

    Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harada yaşamasından,  siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev yekun nitqində bu fikri xüsusi qeyd etdi: «Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın  bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik.  Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı  müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir.  Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq.  Bugünkü  görüş hesab edirəm ki,  onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli  ilə bağlı Azərbaycanda  heç bir ayrı-seçkilik yoxdur, ola bilməz».


 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

«İki sahil» qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar