Gecəqondularda çürüyən həyat REPORTAJ
29 noyabr 2013 17:06 (UTC +04:00)

Gecəqondularda çürüyən həyat REPORTAJ

“Yoldaşım məni qaçırıb gətirdi bacısıgilə. Bir qədər orda yaşayandan sonra köçdük Sumqayıta. İkimizin də əslən Cəlilabaddanıq. Mən rayonun özündən, Əflatun isə Qarakazımlı kəndindən. Onun sağlığında normal dolanırdıq. Əflatun uşaqları üçün yaxşı ataydı. 42 yaşında iş yerində tok vurdu, itirdik Əflatunu. Bakıda işləyirdi. İki balası da yetim qaldı. Sadiqin beş yaşı var, Şəfiqənin üç.”  Bunu Sumqayıtda kirayənişin yaşayan Südabə Məmmədova deyib.

 

 

S. Məmmədova həyat yoldaşını bu ilin iyunun 8-də itirib. Öhdəçiliyində iki körpə uşaq qalıb. Kimsəyə yük olmaq istəməyən Südabə iki balasını sinəsinə çəkib Sumqayıtda Əflatunun əvvəldən kirayə tutduğu evdə yaşayır. Biz onlara gedəndə Sadiqi uşaq bağçasına qoymuşdu. Evdə təkcə Şəfiqə vardı. Əgər bura ev demək olarsa. Bir yataq dəstinin, balaca sınıq paltar şkafının və bir xırda masanın sığdığı otaq. Südabə xanımın “mətbəx” adlandırdığı yerdən isə heç danışmayım. Mətbəx o qədər kiçikdir ki, nə qədər  cəhd etsəm də, bir foto belə çəkə bilmədim. Bütün bunlara rəğmən Südabə xanım məğrurdur,  şikayət etməyi belə özünə sığışdırmır:

 

- Şükür Allaha, dolanırıq. Küçədə qalmamışıq ki?! Bizdən betər gündə yaşayanlar var. Bizim çətinliyimiz müvəqqətidir. Mən elə aciz adam deyiləm. İşləyib uşaqlarımı böyüdəcəm, mütləq böyüdəcəm. Sadəcə, indi bilmirəm qızı harda qoyum, kimin yanında qoyum gedim işləyim? Yoxsa, zəhmətimlə balalarımı böyüdərəm. Rəhmətlik Əflatun necə edirdi? Səhərdən axşama qədər bizim üçün çalışırdı. Əziyyət çəkirdi. Uşaqlarının daha yaxşı yaşaması üçün əlindən gələni edərdi. İndi o yaşasaydı, biz bu günə düşərdik?”. 

 

Ərini dəfn edəndən sonra onlar bir müddət qayınatasıgildə, Cəlilabadda qalırlar. Əflatunun anası rəhmətə gedib, atası təkrar evlənib. Həyat yoldaşının itkisi bir yana, uşaqların dərdi bir yana. Rayonun havası uşaqlara düşmür. Qayıdırlar Sumqayıta.

 

“Ata soyadımdan çıxmaq istəmirəm” deyən S. Məmmədova yoldaşının sağlığında rəsmi nikaha girməkdən imtina edir. Əflatun daim təkid etsə də. Rəsmi nikahları olmadığı üçün uşaqların onun qızlıq soyadını daşıyırlar. Dövlətdən yardım almaq üçün isə o, uşaqları atasının soyadına keçirməlidir.

 

Gözləri yaşlı Südabə xanım indi xeyirxah insanların yardımı ilə dolanır. Əgər bir gün bu yardım dayanarsa, onların nə hala düşəcəklərini təxmin etmək o qədər də çətin deyil.

 

Sumqayıtda baş çəkdiyimiz növbəti ailə Samirə və iki balası oldu. Samirə Zeynalova Ağsunun Əlimehdibəy kəndindəndir. Elə bir yerdə yaşayır ki...

 

“Səkkiz ildi burda, gördüyünüz bu evdə kirayənişin yaşayıram. Atalı, analı yetimlərdənəm. Dədəm də var, anam da. Amma nə olsun? Bir köməyim yoxdu. İki balamı təkcə böyüdürəm. Qızımın biri xəstədi. Üç-dörd ildi həkimlərdəyəm. Səbinənin sol dizində problem var. Sonuncu dəfə yoxlayanda dizində 4 yırtıq çıxıb. Əməliyyat olunmalıdı. Yoxsa, balam səkkiz yaşında şikəst qalacaq”.

 

Səbinə beş yaşında olanda yıxılıb. Diz qapağı bərk zədələnib. Bundan sonra dizinə maye yığılır. Uşağın dizindəki maye iynəylə çəkilib götürülür. Lakin maye təkrar yığılır. Artıq Səbinə məktəbə də gedə bilmir. Dizindəki ağrılar onu yeriməyə qoymur. Elə biz görüşəndə də yataqda uzanıb televizora baxırdı. Uşaqlarla oynamağa belə gedə bilməyən Səbinəni bacısı Nazlı tək qoymur. O, hər gün Səbinənin sinfinə gedir, müəllimindən bacısının gündəlik dərslərini öyrənir. Sonra evdə balaca bacının dərslərinə hazırlaşdırır. Sabahı gün dəftəri aparıb Səbinənin müəlliməsinə yoxladır. Bu qədər fədakar ana və bacını görüb bu qızların atasını xəbər alırıq.

 

“Böyük qızım bir yaşında, balacam qırx günlük qucağımdaydı, yoldaşım bizi atıb getdi. Fəxri məni qaçırmışdı. Anası imkan vermədi yaşayaq. Dedi, ondan ayrılmasan südümü halal eləmərəm. Kəndlərinizdən bir qız vardı onu almaq istəyirdi Fəxriyə. Axırda aldı da. İkinci ailəsindən də iki uşağı var. Mən iki uşaqla qaldım küçədə. Atamın üstünə gedəndə, mənə dedi ki, uşaqlarını at, sən də Fəxri kimi həyatını yaşa, ya da get başının çarəsinə bax. Çox adamlar bunu mənə dedilər. Amma mən balalarımı atmadım. Ana da balasını atar?”

 

Beləcə, o iki qızını da götürüb gəlir Sumqayıta. Burda ev kirayələyib işləməyə başlayır. Gündəlik təmizlik üçün evlərə gedir, xalça-palaz yuyub, pəncərə silir. Qazandığı qəpik-quruşla ev kirayəsini ödəyir, uşaqlarına az-çox yemək alır və Səbinəni müalicə etdirir. Lakin artıq vəziyyət elə gətirib ki, onun qazancı yetmir Səbinənin müalicəsinə. Həkimlər əməliyyatın 2 min manata başa gələcəyini deyirlər.

 

 

Fəxri isə bütün bu hadisələrdən uzaq Ağsuda yaşayır. Bu illər ərzində bir dəfə belə qızlarını axtarıb, soraqlamayan ata dövlət tərəfindən təyin ediləm aliment pullarını belə ödəmir.

 

“Rəsmi nikahımız olmasa da atalıq iddiası qaldırdım, məhkəmə qızlara aliment kəsdi. Bu neçə ildə bir qəpik də verməyib. Hara şikayət edirəmsə, xeyri yoxdu. Deyir, vermirəm. Get, kimə şikayət edirsən elə. Mənim dayım Ərəstun Cavadov deputatdı, mənə heç nə edə bilməz”.

 

İki müxtəlif ailə, iki fərqli tale. Bir ata ailəsini dolandırmaq üçün canını qurban verir, bir ata gözəl yaşamaq üçün doğma övladlarını atıb gedir. Lakin bu ailələri birləşdirən ortaq məqam var, yoxsulluq. Südabə xanıma təcili iş, Samirə xanıma isə balasını əməliyyat etdirmək üçün isə pul lazımdı. Görəsən, tapacaqlarmı?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2524
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar