Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov sentyabrın 10-da İsmayıllı rayonunda bölgənin gəncləri və ağsaqqalları ilə görüş keçirib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Oğuz, Qəbələ və İsmayıllı rayon gənclər və idman idarələrinin rəisləri, həmin rayonların idarə və təşkilatlarında çalışan fəal gənclər, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının bu rayonlardakı şöbələrinin sədrləri iştirak edib. Fəttah Heydərov, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə ölkəmizin dünyada nüfuzunun artırdığını bildirib. Hazırda Heydər Əliyevin xarici və daxili siyasətinin layiqincə davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Heydər Əliyevin açdığı yol bu gün gənclərin həyat amalına çevrilib. Fəttah Heydərov Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ağsaqqal insitutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Çıxış edən digər ağsaqqallar rayon şuralarının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Qeyd olunub ki, bu məqsədlə gənclər və yeniyetmələrdə vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclər və musiqi məktəblərində görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır. Sonda bir qrup ağsaqqala fəxri fərmanlar təqdim olunub.