Facebookda yanmaq
24 dekabr 2014 11:11 (UTC +04:00)

Facebookda yanmaq

Yazıçı və Facebook... Yaradıcı insan və Facebook... Zamanımızda bu ifadə az qalır “Leyli və Məcnun”, “Romeo və Cülyetta” kimi səslənsin...

 

Nədən ki, yaradıcı adam möhkəm darıxan olur. Bəzən necə həvəslə təkliyə, tənhalığa çəkilirsə, bəzən, ünsiyyətə, qılığa, adi bir likeyə, şərhə, hətta dostluq təklifinə dəhşətli dərəcədə ehtiyac hiss edir. Bu mənada onun Facebookla münasibəti çoxşaxəli, rəngarəng, mürəkkəbdir. Yəni, “Vaxtımızı və enerjimizi alır” fikri ilə asanca ötüşdürələcək qədər sadə deyil.

 

Məsələn, sözü verək böyük rejissor Emir Kustiritsaya... Onun fikrincə, Facebook insanların daxili dünyasını, xarakterini, mərhəmini öyrənməyin ən unikal yoludur. Adam kompüterin qarşısında qəzəbli də ola bilir, ümidsiz də, sərxoş da, ac da, yuxusuz da... Özü hiss etmir ki, hər halı ilə monitora yansıyır. Hər an əli tətikdədir. Hər an atəş açıb bütün diqqəti özünə yönəldə bilir. Yerli-yersiz müdaxilə və yozumları ilə özünü, zəifliklərini ələ verir. Bu da insanı idarə etməyi asanlaşdırır. Nədən ki, insan zəiflikləri ilə idarə olunur.

 

Postmodern epoxada oxucunun müəllifə çevrilməsi anlayışı var. Oxucunun müəllifə çevrilməsi anlayışının ədəbiyyatda möhkəmlənməsi ilə, Facebookun fəaliyyətə başlaması, təxminən eyni dövrə təsadüf etdi. Necə deyərlər, bu ciddi ideoloji məsələ özünün texniki imkanları ilə bir zamanda doğuldu. Hamı yaza bildi, hamı publikaya çıxa bildi. Yazıçı ilə oxucu arasındakı sərhəd itdi. Pisdirmi? Qərar verməyə tələsməyək...

 

Facebook-dan gizlənərək dərvişlik etmək çıxış yolu deyil. Kimin içindən gəlmirsə və özü üçün FB profili açmırsa, əlbəttə, bu onun şəxsi işidir. Qarışmaq doğru deyil. Ancaq bunun üzərindən “ciddi yazıçı” pozası göstərmək gülüncdür. Çünki, FB özü geniş, unikal, ağlagəlməz imkanları ilə bu feodal pozanın çox üstündədir. Burda lap, məşhur deyim yada düşür: Günəş və yarasa məsələsi... Yeri gəlmişkən, Günəş də ultrabənövşəyi şüaları ilə çox təhlükəlidir.

 

Belə böyük bir şəbəkə yaradacaq qədər zəkası, dostları ilə küçədə - asfaltın üstündə bardaş qurub buterbrod yeyəcək qədər sadəliyi olan Mark Zükerberq isə əməlli-başlı əfsanədir.     

 

FB bir yazıçı üçün qeyri-adi müşahidə aparmaq imkanıdır. Ünsiyyət, davranış, dialoq universitetidir. Adamların çoxunu onca dəqiqənin içində ən munis duyğularına qədər tanımaq imkanıdır. İstənilən mövzuda çox qısa zamanda olduqca dəyərli məlumat toplamaq mümkündür burada.

 

Məsələn, sən yazarsan, hər hansı mövzu ilə bağlı zövqünə inandığın və inanmadığın insanların fikri maraqlıdır sənə. Bu arzunu ən asan harda reallaşdıra bilərsən? Görüşmədən görüşmək, danışmadan danışmaq, hiss etmədən hiss etmək...

 

FB yeni bir epoxaya start verdi və cəmiyyətdə təsir etmədiyi sahə qoymadı. İnqilablardan tutmuş ailələrin dağılmasına qədər... ABŞ-da idarə və təşkilatların ictimai əlaqələr şöbəsində FB-la işləyən xüsusi bölmələr fəaliyyət göstərir. İşə, xüsusilə dövlət qulluğuna qəbul olunanların ayrıca FB dosyası yığılır. Sizcə yalançı tərcümeyi-hallar və CV-lər FB profili qədər dürüst tanıdırmı adamı?

Facebook sonsuz insan okeanıdır. Şübhəsiz, bütün gününü bura həsr edən boğulacaqdır. Bu hüdudsuz özünüifadə imkanı ilə rəftar üçün intellekt və düşüncə şərtdir.

Yazımı məşhur deyimin interpretasiyası ilə tamamlayıram: Facebook ocaq kimidir - çox uzaq dursan üşüyəcək, çox yaxın dursan yanacaqsan...                                         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar