- Aşağını çək, qapıbir qonşudur. Baxın ora, dözə bilmədi, o insan indi köçüb gedir.
- Niyə köçür ki?
- Çünki su yoxdur. Deməli, yaşayış da yoxdur.
Başqa bir nəfər dillənir:
- Su yoxdursa, evin qapısını bağlayıb çıxıb getməyə məcbursan.
Asfalt yolun kənarındakı birinci evin sakini “Qazel”in arxasına qab-qacaq, kilim, divan-kreslo dəstlərini atıb, darvazasına qıfıl vurub, oradan uzaqlaşır. Heç qonşularla da sağollaşmır.
Bilirsiniz biz haradayıq? Xəzər rayonu Binə qəsəbəsi Babək küçəsində. Artıq burada köç başlayıb. Sakinlər deyir ki, 20-25 ildir salınan bu adsız massivdə su yoxdur. İmkanı olan məhəllə sakinlərinin susuzluğa görə başını götürüb qaçdığını söyləyir, sakinlər.
“Pensiyamın 50-60 manatını suya verirəm…”
Lent.az-ın obyektivinin qarşısına keçən sakinlər sinələrini boşaltmağa başlayırlar. İlk olaraq ahıl yaşlarında olan bir kişi kameramızın önünə keçir. İsmayıl İmanov deyir ki, 10 ildir ki, Binə qəsəbəsində yaşayır. Buraya – Babək küçəsinə köçən gündən suyu maşınla alır:
- Həyət-bacamızdakı ağacları da aldığımız su ilə suvarırıq. Dövlətdən heç nə istəmirik. Bizə su versinlər.
- İsmayıl kişi, ayda nə suya nə qədər pul verirsiniz?
- Təqaüdçüyəm, 200 manat pensiya alıram. Bu qədər pensiyanın 50-60 manatını suya verirəm. Bu qədər pulu hər ay mən suya versəm, gərək heç nə yeməyəm. Sizin vasitənizlə üzümüzü aidiyyəti orqanlara tutub xahiş edərək deyirəm ki, bizə su versinlər.
- İşığınız, qazınız varmı? Yoxsa təkcə su problemi yaşayırsınız?
Sağ olsunlar, qazımız, işığımız var. Amma su problemimizi də həll etsinlər. Susuz yaşamaq burada mümkün deyil. Gedib baxa bilərsiniz, Binənin yarısına su verilib, yarısına yox…
“Buraya əkib-biçmək üçün köçmüşdüm…”
Babək küçəsinin digər sakini Ələkbər Əliyevin də sinəsi doludur. 2003-cü ildən buraya köçdüyünü deyir: “Əvvəl şəhərdə yaşayırdım. Binəyə köçməkdə məqsədim təsərrüfatla məşğul olmaq idi. Bura gələndən sonra su üzünə həsrət qalmışam. Axırıncı dəfə krantdan suyun gəlməyini şəhərdə - Əhmədli qəsəbəsində yaşayarkən görmüşəm. Buraya su maşınları gəlir. Suyu pulla alırıq. Yaxşı ki, o su satan maşınlar var, yoxsa camaat susuz qalar”.
Ələkbər Əliyev məhəllə uşaqlarının kir-pasaqdan əziyyət çəkdiyini deyir, günlərlə, hətta həftələrlə çimmədiyindən gileylənir. Qonum-qonşuların aylıq büdcələrinin yarısını su maşınlarına xərclədiyini söyləyir:
“Bizdən əsgər istəyirlər. Bu küçədə nə qədər azyaşlı, məktəbli oğlan uşaqları böyüyür. Sabah yaşları tamam olanda hərbi xidmətə gedəcəklər. Bu uşaqlara indi təmizlik lazımdır. Sağlam böyümək vacibdir. Amma bunları düşünən yoxdur. Əsgərlik vaxtı çatanda birinci bu uşaqları aparırlar”.
“…dedi ki, 250-300 manatdan yığın…”
Ələkbər Əliyev müraciətlərindən sonra naməlum bir nəfərin sakinlərlə görüşə gəldiyini deyir:
- Bir nəfər gəlmişdi. Dedi ki, hər evə 250 manatdan yığın, suyunuzu çəkək.
- Kim idi?
- Deyəsən, idarədən gəlmişdi. Mən də dedim ki, 40-50 manat olar, ona gücümüz çatar. Amma 250 manatı haradan alaq? 150-200 manatı güclə qazanıram. Haradan alım verim?!
Başqa bir sakin əlavə edir ki, yaxınlıqdakı dəmir yolu xəttinin 5 metrliyindən ana xətt keçir. Oradan su xətt çəkmək üçün də aidiyyəti qurumlarla müraciət ediblər, amma…
Adının Natiq olduğunu deyən bu şəxs bu dəfə də ammalı, əmmalı cavablarla qarşılaşdıqlarını dilə gətirir:
- Ana xətt 100 metrliyimizdən keçir. O vaxt pul vermədik deyə çəkmədilər. Üzlərini çevirib gedib başqa yerdə su çəkməyə davam elədilər. Ana xətdən su çəkməyə icazə vermədilər.
- İcazə verməmələrinə səbəb nə idi?
- Dedilər ki, dəmiryolu idarəsi icazə vermir. “Yolka” əkmək üçün kanaldan su çəkiblər. Heç olmasa, kanalın suyundan bizə də çəksinlər.
“Deyirlər ki, hələ gözləyin…”
Habil Əliyev danışır, o da məhəllə sakinidir. Habil kişi də küçənin 120 metrliyindən su xəttinin keçdiyini deyir. Söyləyir ki, ayrı-ayrı, camaatla bir yerdə dəfələrlə “Azərsu”ya müraciət ünvanlayıblar. Müraciətləri də cavabsız qalmayıb:
- Deyirlər ki, hələ gözləyin, layihədə buraya su çəkilişi yoxdur.
- Bəs siz nə deyirsiniz?
- Deyirik ki, layihədə yoxdursa, pul yığıb verək öz hesabımıza bizim suyumuzu çəkin. Yenə də “gözləyin” deyirlər. Haçana kimi gözləyək?!
- Yerli orqanlara müraciət etmisiniz?
- Bələdiyyəsindən tutmuş, icra nümayəndəsinə qədər hər kəsə… Müraciət etmədiyimiz yer qalmayıb.
“Krantdan gələn su dövlətin suyu deyil…”
Söhbət əsnasında sakinlərdən krantlarından su gəlib-gəlmədiyini, krantların su üzünə həsrət qaldığı ilə yerindəcə tanış olmaq istədiyimi bildirirəm. Araya bir anlıq sakitlik çökür. Küçə sakini Ələkbər Əliyev bir addım qabağa durub deyir ki, hazırda krantda su gəlir, amma gələn su dövlətin suyu deyil:
“Bizim maşınlardan pulla aldığımız sudur. Quyu qazmaq istəsən, quyudan su çıxmır. Çıxsa belə, şor sudur. İçiləsi deyil. Zəhər kimidir. İstilər düşəndə əziyyət çəkirik. Uşaqlar da istidən birtəhər olurlar. Quraqlıq buranı cəhənnəmə çevirir. Əkin əkmək mümkün deyil”.
Kişiləri danışdıqca qadınlar da dilə gəlməyə başladı. Bayaqdan səssiz-səmirsiz dayanmış xanımlar yerbəyerdən danışmağa başladılar.
Onlar evdə-eşikdə təmizliyin olmamasından gileylənir. Biri deyir ki, iki körpə uşağı var. Onların nə təmiz paltarı, nə də təmiz əyin-başları olduğundan gileylənir:
- Yemək bişirmək, təmizlik üçün su lazımdır. Hər ay suya o boyda pul veririk.
Başqa bir xanım isə uşağını üz-gözündəki kiri göstərir. Məktəbli övladlarının vaxtlı-vaxtında yuyunmamasını, hər həftə çimmək imkanlarının məhdud olduğunu dilə gətirir:
- Ayda 60-70 manat veririk. Həmin suya paltar da yuyuruq, uşağı da çimizdiririk. Üstəlik qab-qaşığı da yuyuruq. Başqa su mənbəyimiz də yoxdur. Üç uşağım var, nə edim bilmirəm. Qazandığımızı suya verməliyik.
Yenə də yerbəyerdən səslər yüksəlir. Kimə qulaq asacağımı unuduram. Hamısının sinəsi doludur, sanki ürəklərini boşaltmaq üçün uzun müddətdən sonra meydan, tribuna tapıblar:
- Bizim bu tərəflərə baxan yoxdur. Biz hər yerdən təcrid olunmuşuq. İşıq pulumuzu, qaz pulumuzu vaxtlı-vaxtında veririk.
- Hələ üstəlik kanalizasiya problemimiz var.
Susuzluqdan şikayətlənən qadınların sözlərini Davud Ağayev kəsir. Deyir ki, 2000-ci ildən bu məhəllədə yaşayır. Birinci qrup Qarabağ əlilidir:
“Dövlət əlilliyimlə bağlı mənə maşın da verib. Yaxşı hökumətimiz, qanunlarımız var. Amma yerli orqanlar bu qanunları icra eləmək istəmirlər. İşığımız, qazımız var. Suyumuz da olsa yerdən göyə qədər bu hökumətdən razı olarıq”.
Binə qəsəbəsinin Babək küçəsinin sakinləri ilə sağollaşıram. Xanımlardan biri “bizi yox, uşaqlarımızı çək, görsünlər ki, susuzluqdan əyin-başları nə gündədir” - deyir. Başqa bir qadın arxa tərəfdə gizlənməyə, kameraya düşməməyə çalışan məktəbli oğlunun qolundan çəkib önə çıxarmaq istəyir. Səkkiz-doqquz yaşlarındakı bu oğlan uşağının dediyi söz isə ortaya sükut daşı atır:
- Mama, utanıram. Bu çəkilişə müəllimlərim də, dostlarım da baxacaq…